AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB CORC BUŞA
Hörmətli cənab Prezident,
Amerika Birləşmiş Ştatlarının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda dost Amerika xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən salamlayır və təbrik edirəm.
Bu gün Amerika Birləşmiş Ştatları bütün dünyada sülhün, sabitliyin bərqərar olması, demokratik dəyərlərin təntənəsi naminə ardıcıl səylər göstərir. Qlobal təhlükələrə və çağırışlara cavab olaraq, Birləşmiş Ştatlar beynəlxalq birliyin terrorizmə qarşı mübarizəsində qətiyyətli mövqe tutur və aparıcı rol oynayır. Azərbaycan Birləşmiş Ştatların yeritdiyi bu siyasəti tam dəstəkləyir və bu işə hər zaman öz töhfəsini verməyə çalışır.
Qeyd etmək istərdim ki, Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında enerji, təhlükəsizlik məsələlərində və siyasi sahədə əməkdaşlıq uğurla inkişaf edir. Münasibətlərimiz dostluq və əməkdaşlıq zəminində böyük yol keçərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.
Strateji tərəfdaşlığımızın bariz ifadəsini biz xüsusən Xəzərin karbohidrogen ehtiyatlarının hasilatı və dünya bazarlarına nəqli sahəsində Azərbaycanın həyata keçirdiyi irimiqyaslı transmilli layihələrin gerçəkləşməsində Amerika Birləşmiş Ştatlarının yaxından iştirakında görür və bunu yüksək qiymətləndiririk. Azərbaycanda apardığımız demokratik islahatlara Birləşmiş Ştatların göstərdiyi dəstəyi dəyərləndiririk və bu istiqamətdə əməkdaşlığımızın davam edəcəyinə əminik.
Ümidvar olduğumuzu bildirirəm ki, müstəqillik əldə etdikdən bəri qarşılaşdığımız ən böyük problemlərdən biri olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli məqsədi ilə ATƏT-in Minsk qrupunun həmsədri kimi Amerika Birləşmiş Ştatları öz səylərini daha da artıracaq və regionumuzda çoxdan gözlənilən sülhün bərqərar olması üçün real nəticələr əldə edilməsinə öz töhfəsini verəcəkdir.
Bu əlamətdar bayram münasibətilə bir daha Sizə, cənab Prezident, ən səmimi təbriklərimi və xoş arzularımı yetirir, dost Amerika xalqına sülh, xoşbəxtlik və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 28 iyun 2005-ci il.