Anastasiya Lavrina: Azərbaycan dünyanın enerji sahəsində aparıcı ölkələri sırasındadır
Bakı, 4 iyun, AZƏRTAC
Prezident İlham Əliyev Ermənistanın işğalından azad edilmiş ərazilərin sürətlə inkişaf etdirilməsinin vacibliyindən danışarkən, bütün Cənubi Qafqazın gələcək inkişafı haqqında düşünür. Bu gün bir çox ölkələrdə dövlət başçısına münasibətdə praqmatik yanaşma müşahidə olunur, çünki onlar ölkəmizi, xüsusilə enerji sahəsində əməkdaşlıqdan söhbət gedərkən, etibarlı tərəfdaş kimi görürlər. Cənubi Qafqazda sülh və sabitlik, alternativ enerji mənbələrinin inkişafı və Cənub Qaz Dəhlizinin potensialının genişləndirilməsi həm Avropa İttifaqı ölkələrinin, həm də digər lider dövlətlərin maraqlarına uyğundur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri YAP Gənclər Birliyinin üzvü Anastasiya Lavrina söyləyib.
O bildirib ki, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasını Azərbaycan diplomatiyasının qələbəsi hesab etmək olar. Müqavilə Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin möhkəmləndirilməsində mühüm rol oynamışdır. Dünya siyasətinin ən mötəbər kürsülərində Azərbaycan haqqında danışılırdı. Müstəqillik illərində Azərbaycan fəal şəkildə inkişaf etmiş və öz enerji təhlükəsizliyinə sərmayələr yatırmışdır. Daxili bazarın tələbatını tam ödəyən ölkəmiz digər ölkələrin enerji təhlükəsizliyində getdikcə daha mühüm rol oynamağa çalışır.
Cənub Qaz Dəhlizinin işə salınmasının və fasiləsiz işləməsinin Azərbaycanı dünyanın aparıcı qaz və neft ixrac edən ölkələri ilə eyni səviyyəyə qaldırdığını vurğulayan YAP Gənclər Birliyinin üzvü bildirib: “Cənub Qaz Dəhlizi tam gücü ilə cəmi bir il beş aydır fəaliyyət göstərir, lakin bu, bizim fəxr edə biləcəyimiz layihədir”. Bakı Enerji Həftəsinin açılışında çıxış edən Prezident İlham Əliyev də Azərbaycanın qaz ixracı potensialına toxunaraq dedi: “Potensial istehlakçılar anlamalıdırlar ki, bir il ərzində qazı böyük həcmdə hasil etmək mümkün deyil. Bunun üçün bizə müqavilələr lazımdır. Biz danışıqlara başlamalı və onları sürətləndirməliyik. Biz ənənəvi tərəfdaşlar və sərmayədarla, eləcə də enerji şirkətləri ilə çalışmalıyıq ki, hasilat artsın. Həmçinin biz mövcud qurğuları genişləndirməliyik”.
“Bu gün Azərbaycanın payına Aİ-nın tələbatının cəmi 5 faizi düşür. Lakin bir sıra Avropa ölkələrinin Azərbaycan qazının idxalından artan asılılığını nəzərə alaraq, ölkəmiz “Şahdəniz” qaz-kondensat yatağında hasilatı artırmağı hədəfləyir. Aprelin 27-də Rusiyanın çoxmillətli enerji şirkəti “Qazprom” rublla ödəniş etmədiyinə görə Bolqarıstanın “Bulgargaz” şirkətinə qazın nəqlini tamamilə dayandırıb. Rusiyanın enerji resurslarından 90 faiz asılı olan ölkə növbəti beş gün ərzində “mavi yanacağı” yalnız Azərbaycandan alıb. Litva Prezidenti Gitanas Nauseda bu yaxınlarda Azərbaycana səfəri zamanı bildirib ki, onun ölkəsi bir gün Azərbaycan qazının onun ölkəsinə gələcəyini gözləyir. Rumıniyanın energetika naziri Virgil Daniel Popeskunun sözlərinə görə, ölkəsi Azərbaycan qazının idxalında maraqlıdır və bu istiqamətdə danışıqlar aparılır, - deyə A.Lavrina söyləyib.
O diqqətə çatdırıb ki, bundan başqa, Xəzər dənizi külək enerjisi potensialına görə dünyada ikinci yerdədir. Cənub Qaz Dəhlizi hidrogen də nəql etmək potensialına malikdir ki, bu da enerji keçidi və tamamilə ekoloji təmiz yanacaqlardan istifadə istiqamətində gələcək addımlar üçün vacibdir.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə alternativ enerji mənbələrinin inkişafına xüsusi diqqət yetirdiyini bildirən Anastasiya Lavrina deyib: “İşğaldan azad edilmiş torpaqların, xüsusən də Kəlbəcər və Laçının potensialı 9-10 min meqavatdır. Burada diqqət külək və günəş enerjisinə yönəlib. Dünyanın aparıcı enerji şirkətləri “ACWA Power” və “Masdar” ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda ümumi istehsal gücü 470 meqavat olan günəş və külək enerjisi ilə işləyən iki elektrik stansiyası tikilir və gələn il istifadəyə veriləcək. Xəzər dənizinin Azərbaycan sektorunun potensialı 150 min meqavatdır. Beləliklə, böyük enerji potensialı yaşıl enerji layihələrinin uğurla həyata keçirilməsi və regionda enerji təhlükəsizliyi üçün geniş perspektivlər vəd edir”.