İDMAN
Andrey Filatov: Şahmat üzrə Azərbaycan yığması Şəhriyar Məmmədyarovun fantastik dərəcədə güclənməsi sayəsində irəliləməkdədir
Moskva, 27 fevral, AZƏRTAC
Azərbaycanın şahmat üzrə yığma komandası öz oyunçularının dinamikasına görə bütövlükdə irəliləməkdədir. Bu irəliləyiş, ilk növbədə, Şəhriyar Məmmədyarovun fantastik dərəcədə güclənməsi sayəsində baş verir.
AZƏRTAC xəbər verir ki, Rusiya Şahmat Federasiyasının prezidenti Andrey Filatov bu fikri TASS agentliyinə müsahibəsində söyləyib. A. Filatov 2020-ci ildə Rusiyada keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında Rusiya yığmasının əsas rəqibləri barədə sualın cavabında qeyd edib ki, Rusiya komandasının əsas rəqibləri Çin və ABŞ komandalarıdır. Rusiya Şahmat Federasiyasının prezidenti deyib: “Çin və ABŞ-dan sonra keçmiş Sovet İttifaqı ölkələrini təmsil edən komandalar gəlir. Azərbaycan, Ermənistan və Ukrayna yığmalarının zəngin qələbə ənənələri var. Bu üç komanda fərqli vəziyyətdədir. Məsələn, Azərbaycanın şahmat üzrə yığma komandası öz oyunçularının dinamikasına görə bütövlükdə irəliləməkdədir. Bu, ilk növbədə Şəhriyar Məmmədyarovun fantastik dərəcədə güclənməsi sayəsində baş verir. Ermənistan və Ukrayna yığmaları isə, oyunçuların dinamikası göstəricisi üzrə geriləyir”.
A.Filatovun sözlərinə görə, Ermənistan yığmasında Levon Aronyanın yerini tuta biləcək yeni oyunçular nəsli yoxdur. O deyib: “Onların bir nömrəli oyunçusu Levon Aronyan görkəmli şahmatçıdır, amma komandanın əsas özəyini əvəz edə biləcək oyunçuların yeni nəsli hələlik yaranmayıb”.
Fəridə Abdullayeva
AZƏRTAC -ın xüsusi müxbiri
Moskva