Anqolanın iqtisadiyyat naziri: Azərbaycanın iqtisadi inkişafı uğurlu modeldir
Bakı, 6 iyun (AZƏRTAC). Azərbaycanın iqamətgahı Cənubi Afrika Respublikasının Pretoriya şəhəri olmaqla, eyni zamanda Anqoladakı səfiri Elxan Poluxov bu ölkənin Luanda şəhərində iqtisadiyyat naziri Abrahak Pio dos Jantos Qourqel ilə görüşmüşdür.
Səfirlikdən AZƏRTAC-a bildirilmişdir ki, görüşdə iqtisadi əlaqələrin bütün sahələrinə diqqət yetirilməsinin vacibliyi vurğulanmışdır.
Nazir Abrahak Pio dos Jantos Qourqel bildirmişdir ki, Anqola iqtisadiyyatının demək olar əksər sahələrinin inkişafına dəstək lazımdır. O, Azərbaycan kimi bir ölkənin təcrübəsindən və imkanlarından yararlanmağın önəmini vurğulamışdır. Azərbaycanın iqtisadi inkişafının uğurlu model olduğunu söyləyən nazir əlaqələrin genişləndirilməsi üçün zəruri işlərin görüləcəyini demişdir.
E.Poluxov Anqola Prezidentinin Azərbaycanda təhsil alması səbəbindən ölkəmizin Anqolada yaxşı tanındığını və bu amilin iş adamları üçün müsbət məqam olduğunu qeyd etmişdir.
Görüşdə Azərbaycan ilə Anqola arasında iqtisadi əlaqələri tənzimləyən qanunvericilik bazasının olmamasının bir sıra çətinliklər yaratdığı bildirilmiş və bu vəziyyətin birgə səylər nəticəsində dəyişdirilməsinin zəruriliyi vurğulanmışdır.
E.Poluxov Anqolanın Gənclər və İdman Nazirliyinin dövlət katibi Albino da Canseiçeo Jose ilə də görüşmüşdür.
Görüşdə hər iki ölkədə idman sahəsində aparılan işlər, əldə edilmiş nailiyyətlər barədə məlumat mübadiləsi aparılmış, gələcəkdə birgə layihələrin həyata keçirilməsinə dair fikirlər səsləndirilmişdir.