REGİONLAR
Aprel döyüşləri: 44 günlük müharibədə qazanılan Zəfərə işıq salan yol
Cəbrayıl, 3 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən yeddi il ötür. 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşatdı.
AZƏRTAC-ın bölgə müxbiri Aprel döyüşləri iştirakçıları ilə söhbət edib, döyüş təəssüratlarını öyrənib.
Elgün Bədəlov Aprel döyüşlərini Vətən müharibəsindəki əsas döyüşün ilkin “məşqi” kimi qiymətləndirib: “Aprelin 1-dən 2-nə keçən gecə düşmənin hücumunun qarşısını almaq üçün əks-hücuma keçdik. Şəxsi heyətdə böyük ruh yüksəkliyi var idi. Çünki biz həsrətlə həmin günü gözləyirdik. Həsrətində olduğumuz torpaqlara ayaq basmaq üçün irəli atıldıq. Lələtəpə ilə məsafə 2 kilometr idi. Biz minalı ərazini keçib səhər saat 5-ə qalmış Lələtəpəyə çatdıq. Döyüş başladı, düşmənin canlı qüvvəsini məhv elədik. Tankçılarımızın Lələtəpənin alınmasında bizə dəstəyi böyük oldu”.
44 günlük müharibədə də iştirak edən Elgün Bədəlov bildirib ki, Vətən müharibəsindəki əsas döyüşün ilkin “məşqi” olan Aprel döyüşləri həm də ordumuzun gücünü, xalqımızın qələbə əzmini nümayiş etdirdi.
Digər həmsöhbətimiz Üzeyir Nəcəfov da Aprel döyüşlərində iştirak etdiyinə, 23 ildən sonra xalqımızın ilk qələbə sevinci yaşamasında payı olduğuna görə fəxr etdiyini bildirib. O, yeddi il əvvəlki döyüşlərdən bəhs edərkən deyib: “Biz Lələtəpəni azad edəndən sonra Milli Qəhrəman Şükür Həmidov yanımıza gəldi və mövqelərimizi irəli çəkməklə bağlı göstəriş verdi. Biz dərinliyə keçmək üçün Lələtəpənin sağ istiqamətindən hərəkətə başladıq. Həmin istiqamətdə ermənilərin kazarması var idi. Kazarmanın yaxınlığında erməni hərbçilərin komandirlərinə məxsus “UAZ” markalı avtomobil müşahidə etdik. Avtomobilin içindəki hərbçilər yaxınlıqdakı kazarmaya keçdilər. Sonradan məlum oldu ki, içəridə düşmənin 9 hərbiçisi olub. Döyüş başladı, kazarmanın pəncərəsinə əl qumbarası atırdıq, dəmir barmaqlığa dəyib qayıdırdı. İsrafil kazarmanın pəncərəsini qumbaraatanla dağıdandan sonra, içəriyə 5 əl qumbarası atdıq. Sonra sakitlik yarandı. Biz kazarmanın içərisinə girmək üçün hərəkətə başladıq. Erməni zabiti kazarmanın içərisindəki yeraltı gizli çıxışdan qaçıb “UAZ”-a yaxınlaşmaq istəyirdi. Gecikmişdim, o, artıq məni nişan almışdı. Atəş açdı, 4 güllə yarası aldım. Zülfü də onu vurdu. Elə yerindəcə mənə ilk tibbi yardım göstərildi. Düşmən hərbçiləri isə komandirlərinin öldüyünü görüb qaçdılar...”.
Üzeyir Nəcəfov bildirib ki, həmin vaxt keçirdikləri hissləri sözlə ifadə etmək mümkün deyil: “23 ildən sonra o əraziyə ilk azərbaycanlı əsgəri olaraq biz ayaq basmışıq. Bunun qüruru, sevinci bir başqadır. Sevinc, qürur hisləri bir-birinə qarışmışdı. Aprel döyüşləri 23 ildən sonra ilk qələbəmiz, 44 günlük müharibədə qazanılan Zəfərə işıq salan yol idi”.