Aprel döyüşlərinin üçüncü ildönümü İstanbulda qeyd edilib
İstanbul, 8 aprel, AZƏRTAC
Aprel döyüşlərinin üçüncü ildönümü ilə əlaqədar İstanbulda anım tədbiri və şeir müsabiqəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, İstanbuldakı Türk Ədəbiyyat Vəqfində təşkil olunan tədbirdə əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib, şəhidlərin xatirəsi dərin ehtiramla yad edilib.
Azərbaycan Yazıçılar Birliyinin üzvləri Günay Nəriman, Rübabə Sahib, Gülnarə İsrafil, türkiyəli şairlər Ümit Hikmet Kerkük, Kemalettin Kalkan və digərləri Azərbaycanın şanlı hərb tarixinə qızıl hərflərlə yazılmış Aprel döyüşlərinin xalq ilə ordunun həmrəyliyini bir daha nümayiş etdirdiyini bildiriblər. Qeyd olunub ki, Aprel döyüşləri Azərbaycan gənclərinin vətənpərvərliyinin və qələbə əzminin parlaq göstəricisidir.
Tədbirdə Vətənə, şəhidlərə, qardaş ölkələrimizə həsr olunan şeirlər səsləndirilib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul