CƏMİYYƏT
AQTİ-nin nümayəndə heyəti Türkiyədə işgüzar səfərdədir
Bakı, 28 aprel, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyətinin sədr müavini Fərid Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, səfər Azərbaycanda 3-cü səviyyə biotəhlükəsizlik laboratoriyasının və vivarium kompleksinin yaradılması ilə əlaqədar həmin sahə üzrə Türkiyə təcrübəsini öyrənmək məqsədinə təşkil olunub.
Səfər çərçivəsində nümayəndə heyətinin İzmir şəhərində Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Bornova Baytarlıq Nəzarəti İnstitutuna, Ankarada GLP (Good Laboratory Practice - Yaxşı Laboratoriya Təcrübəsi) standartlarının tətbiq olunduğu "Kobay” Sınaq Heyvanları Laboratoriyasına, İstanbulda “Alptek Technology” layihələndirmə şirkətinə və digər aidiyyəti qurumlara getməsi planlaşdırılıb. Azərbaycandan olan nümayəndə heyətinin vivariumlara baxış keçirməsi, eləcə də laboratoriyaların iş prinsipləri və müvafiq binaların layihə sənədləri ilə tanış olması da nəzərdə tutulub.
Nümayəndə heyətinin Türkiyənin müvafiq qurumlarında görüşlər keçirməsi, eyni zamanda iki ölkənin aidiyyəti təşkilatları arasında əməkdaşlıq perspektivləri, respublikamızda 3-cü səviyyə biotəhlükəsizlik laboratoriyasının və vivarium kompleksinin yaradılması, təcrübə mübadiləsi və digər məsələlər ətrafında müzakirələr aparması da səfər proqramına daxildir.