İQTİSADİYYAT
ARDNŞ gənclərin ixtisaslı kadr kimi yetişməsinə böyük diqqət yetirir
Bakı, 1 fevral (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Neftqazelmitədqiqatlayihə” institutunda 2 fevral - Gənclər Günü ilə bağlı şirkətdə çalışan gənc neftçilər və Təqaüd proqramlarının məzunları ilə görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev əlamətdar gün münasibəti ilə gəncləri təbrik etmişdir.
Qeyd olunmuşdur ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən yeni neft strategiyası ölkəmizin artan uğurunun əsas göstəricilərindəndir. Ölkədə neft-qaz hasilatının yüksəldilməsində və yeni yataqların kəşf olunması istiqamətində görülən işlərdə ARDNŞ-in rolu əvəzolunmazdır. Hazırda ölkənin təsdiq olunmuş çıxarıla bilən karbohidrogen ehtiyatlarının həcmi şərti yanacaqla 4,5, proqnoz ehtiyatlarının həcmi isə 10 milyard tondur.
Şirkət prezidenti vurğulamışdır ki, ARDNŞ-də ölkə daxilində və xaricdə icrası reallaşdırılacaq layihələrdə müasir biliklərə yiyələnmiş gənc kadrlara ehtiyac duyulur və şirkət bu istiqamətdə bir sıra proqramlar həyata keçirir. Prezident İlham Əliyevin tapşırığına əsasən 2006-cı ildən ARDNŞ-də ehtiyac duyulan ixtisaslar üzrə gənclərin xarici ölkə universitetlərində təhsil almağa göndərilməsinə başlanılmışdır. Bu günədək “2007-2015-ci illərdə Azərbaycanlı gənclərin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na cəlb olunmuş 202 gənc ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Kanada və başqa ölkələrin ən nüfuzlu universitetlərində təhsil almışlar. Onlardan 130 nəfəri artıq ARDNŞ-də müvafiq işlə təmin olunmuşlar. Hazırda 72 təqaüdçü müxtəlif ölkələrdə təhsilini davam etdirir.
Bildirilmişdir ki, Azərbaycanda fəaliyyət göstərən ali məktəb tələbələrinə müsabiqə əsasında verilən ADRNŞ təqaüdlərində 10 minə yaxın əlaçı tələbə iştirak etmiş, onlardan 1258-i təqaüdə layiq görülmüşdür. Bu günədək onlardan 144 nəfəri ARDNŞ-də işə qəbul olunmuşdur.
R.Abdullayev qeyd etmişdir ki, neft sənayesi üçün lazım olan fəhlə kadrların hazırlanması istiqamətində 2012-ci ildə 16 min nəfər Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin nəzdində fəaliyyət göstərən ixtisasartırma kurslarına cəlb olunmuşdur. Aparılan məqsədyönlü tədbirlər nəticəsində şirkət üzrə kadrların keyfiyyət tərkibində müsbət dəyişikliklər baş vermiş, işçilərin ümumi sayında gənclərin xüsusi çəkisi artmışdır. Ötən il həm ARDNŞ-in struktur bölmələrinin idarəetmə aparatında, həm də baş ofisdə çalışan gənclərin sayı 2005-ci illə müqayisədə 1,7 dəfə artmışdır.
Tədbirə ARDNŞ-in vitse-prezidenti Xoşbəxt Yusifzadə və başqaları çıxış edərək gəncləri təbrik etmiş gələcək fəaliyyətlərində uğurlar arzulamışlar.
Sonda gənclərin sualları cavablandırılmışdır.