ARDNŞ-İN BAYRAĞI BAZARDÜZÜ YÜKSƏKLİYİNƏ SANCILMIŞDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsi, “Azersun Holdinq” Şirkətlər Qrupu və “AzGerneft” Müştərək Müəssisəsinin sponsorluğu ilə Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutu və “Ekostil-Azərbaycan” Təbiəti Müdafiə İctimai Birliyi avqustun 8-dən 16-dək “Azərbaycan buzlaqlarının və yüksək dağ ekoloji sistemlərinin bioloji müxtəlifliyinin tədqiqi” devizi altında ekspedisiya həyata keçirmişlər.
ARDNŞ-dən bildirmişlər ki, ekspedisiyanın məqsədi Azərbaycanın yüksək dağ ekoloji sistemlərinin bitki və heyvanlar aləmini, onların yayılma areallarını, yaşayış yerlərinin monitorinqini aparmaq, iqlim dəyişmələrinin, bioloji müxtəlifliyin şaquli paylanmaya təsirini öyrənmək olmuşdur. Ekspedisiyanın marşrutu Qəbələ rayonunun dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşən Laza kəndindən, Dəmiraparançay boyu (1800-2500 metr), Rüstəmbaz keçidi (3500 metr), Bazaryurd dağının ətəyi (3400 metr), Qırxbulaq, Şahnabat çayının mənbəyi (3400 metr), Yatax düzü (3500 metr) və Bazardüzü (4472 metr) yüksəkliyinədək olmuşdur.
Ekspedisiya nəticəsində ilk dəfə Azərbaycanın yüksək dağ ekosistemlərinin bitki və heyvanlar aləmi, alp çəmənlikləri və onların vəziyyəti, landşaft müxtəlifliyi, ölkəmizin buzlaqlarının vəziyyəti haqqında çox qiymətli məlumatlar əldə edilmişdir.
Ekspedisiya zamanı ARDNŞ-in bayrağı ölkəmizin ən uca zirvəsinə - dəniz səviyyəsindən 4472 metr yüksəklikdə olan Bazardüzü yüksəkliyinə sancılmışdır.