ARDNŞ-İN EMAL KOMPLEKSİNDƏ İSTEHSAL OLUNAN DİZEL YANACAĞINA XARİCDƏ DƏ TƏLƏBAT ÇOXDUR
AZƏRTAC xəbər verir ki, Azərbaycanın neft emalı kompleksində istehsal olunan mühərrik yanacaqlarının 54 faizini təşkil edən dizel yanacağının resurslarını artırmaq və keyfiyyətini yüksəltmək məqsədi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən ardıcıl tədbirlər görülür.
Belə tədbirlərdən biri də, 2004-cü ilin ortalarında hidrogenlə təmizləmə qurğusunda dizel yanacaqlarının təmizlənməsi üçün aparılmış modernləşdirmə işləri olmuşdur. Məhz bundan sonra dizel yanacağının keyfiyyəti yaxşılaşmış və resursları artmışdır.
2008-ci ildə bu növ yanacağın istehsalı 2003-cü ilə nisbətən 37 faiz artmışdır ki, bunun 18,3 faizi təmizləmə metodunun modernləşdirilməsi ilə bağlıdır. Nəticədə neft emalı zavodlarında ekoloji problemlər yaradan ənənəvi təmizləmə metodu ilə istehsal olunmuş dizel yanacağının həcmi 2 dəfədən çox azalmış, müasir metodla istehsal olunmuş yanacağın həcmi isə təqribən 3 dəfə artmışdır.
Bu gün ARDNŞ-in emal zavodlarında istehsal olunan dizel məhsulları hələ ki, rəsmən keçmiş Sovet İttifaqının Л-0,2-62 standartına uyğun buraxılır. Bu il istehsalı planlaşdırılan bütün dizel yanacaqlarının təqribən 70 faizinin tərkibində isə kükürdün miqdarı 0,005 faiz və yaxud 50 ppm təşkil edəcəkdir. Bu o deməkdir ki, Azərbaycan zavodlarında istehsal edilən dizel yanacağı faktiki olaraq, artıq Evro-2 və Evro-3 standartlarına uyğundur.
Təsadüfi deyil ki, ötən 5 ildə bizim zavodlarda istehsal olunmuş dizel yanacaqlarının 56-67 faizi yaxın və uzaq xaricə ixrac olunmuşdur.
2009-cu ildən ARDNŞ müəssisələrində istehsal olunacaq bütün dizel yanacaqlarında kükürdün kütlə faizinin 0,005-ə çatdırılması planlaşdırılır.