Arıqlama və diabet dərmanları böyrəklərə necə təsir edir?
Bakı, 17 iyul, AZƏRTAC
Son illərdə milyonlarla insanın arıqlamaq və 2-ci tip diabetin müalicəsi üçün istifadə etdiyi GLP-1 preparatları ilə bağlı yeni araşdırmanın nəticələri alimlərin diqqətini cəlb edib. Məlum olub ki, bu preparatlar təkcə çəki azaltmağa kömək etmir, həm də xroniki böyrək xəstəliyi olan pasiyentlərdə ürək-damar ağırlaşmaları və böyrək funksiyasının pisləşməsi riskini azalda bilər.
AZƏRTAC xəbər verir ki, bu nəticələr Amerika Birləşmiş Ştatları Milli Tibb Kitabxanasının (PubMed) bazasında yerləşdirilmiş yeni sistematik icmal və meta-analizdə təqdim olunub. Araşdırma çərçivəsində 13 randomizə edilmiş klinik tədqiqatın nəticələri bir araya gətirilib və ümumilikdə 97 mindən çox insanın məlumatları təhlil olunub. Onların 31 mindən çoxu xroniki böyrək xəstəsi olub.
Araşdırmaya görə, GLP-1 preparatlarından istifadə edən xroniki böyrək xəstələrində infarkt, insult və ürək-damar xəstəliklərindən ölüm riskini özündə birləşdirən əsas ürək-damar ağırlaşmaları 16 faiz azalıb. Eyni zamanda, böyrək xəstəliyinin ağırlaşması riski 21, böyrək çatışmazlığının inkişaf riski isə 28 faiz aşağı olub.
Alimlər hesab edirlər ki, əvvəllər əsasən qan şəkərini tənzimləmək və arıqlamaq üçün istifadə olunan bu preparatlar gələcəkdə ürək və böyrəklərin qorunmasında da mühüm rol oynaya bilər.
Bununla belə, mütəxəssislər vacib bir məqamı da vurğulayırlar ki, bu nəticələr bütün insanlar üçün deyil, məhz xroniki böyrək xəstəliyi olan pasiyentlər üzərində aparılan klinik tədqiqatlara əsaslanır. Buna görə də GLP-1 preparatlarından yalnız həkim təyinatı və nəzarəti altında istifadə edilməlidir.
Ekspertlərin fikrincə, son illərdə əldə olunan elmi nəticələr GLP-1 preparatlarının tətbiq imkanlarının diabet və piylənmənin müalicəsindən daha geniş ola biləcəyini göstərir. Bununla belə, onların digər xəstəliklər üzrə daha geniş istifadəsi üçün əlavə klinik tədqiqatlar və səhiyyə qurumlarının təsdiqləri tələb olunur.