“Armudu” layihəsi çərçivəsində fəal gənclərin Milli Məclisin deputatı ilə onlayn görüşü keçirilib
Bakı, 28 may, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə gənclərin məşhurlarla onlayn görüşü - “Armudu” layihəsi çərçivəsində daha bir tədbir keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 28 May - Respublika Gününə həsr edilən görüşün qonağı Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərov olub.
Dövlət himninin səsləndirilməsi ilə başlayan onlayn tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu 28 May - Respublika Gününün əhəmiyyətini qeyd edib.
Professor Anar İsgəndərov 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dəfə elan edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti ilə bağlı maraqlı faktları gənclərin diqqətinə çatdırıb, onların suallarını cavablandırıb.