ARTIQ 15 İLDİR Kİ QUBADLI DÜŞMƏN TAPDAĞI ALTINDADIR
AZƏRTAC xəbər verir ki, 1993-cü il avqustun 31-də Azərbaycan Respublikasının cənub-qərbində Zəngəzur dağları ilə Dağlıq Qarabağ silsiləsinin arasında yerləşən Qubadlı rayonunu erməni işğalçıları tərəfindən zəbt olunmuşdur.
Ümumi sahəsi 80250 hektar olan rayonunun dövlət meşə fondunun sahəsi 13160, meşə ilə örtülü sahə 7288, mədəni meşə əkini 11 hektardır. Qubadlı meşələri qırmızı palıd, vələs, qoz, şam, ağcaqayın, göyrüş, söyüd, ardıc, akasiya, yemişan, armud, zoğal, qarağat və başqa ağaclar ilə örtülü idi.
Rayon ərazisində mişar daşı istehsalı üçün yararlı, istismara cəlb olunmuş Hacılı tuf, kərpic istehsalına yararlı Xanlıq gil, Eyvazlı bəzək-əlvan daşlar, yeraltı şirin su yataqları vardır.
1969-cü ilin iyulunda Qubadlı və Laçın rayonları ərazisində özünəməxsus flora və faunaya malik 20 min hektar sahəni əhatə edən Qubadlı Dövlət Təbiət Yasaqlığı yaradılmışdır. Yasaqlığın yaradılmasında məqsəd, bu ərazidə olan endemik fauna və flora növlərinin qorunması və artırılması idi. Burada qırmızı palıd, qoz, vələs, ağcaqayın kimi ağac növləri geniş massivdə yayılmışdı. Meşənin zənginliyi ərazidə heyvanat aləmi üçün də əlverişli şərait yaradırdı.
Yaşı 300 il olan Şərq çinarları, diametri 80 sm, hündürlüyü 8 m, yaşı 150 il olan 1 ədəd saqqız ağacı təbiət abidəsi kimi dövlət qeydiyyatına alınaraq qorunurdu.