Arxeoloji irs və muzeylər
Bakı, 18 may, AZƏRTAC
18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə Bakı Dövlət Universitetinin (BDU) Arxeologiya Tədris-Tədqiqat Mərkəzi, Tarix fakültəsi və Qobustan Milli Tarix-Bədii Qoruğunun birgə təşkilatçılığı ilə “Arxeoloji irs və muzeylər” mövzusunda silsilə elmi tədbirlər keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirlər arxeoloji irsin qorunması, muzeyşünaslığın müasir istiqamətləri, rəqəmsal texnologiyaların tətbiqi və tələbələrin praktik biliklərinin inkişaf etdirilməsi məqsədini daşıyıb.
Silsilə tədbirlərin ilk mərhələsi BDU-nun Tarix fakültəsində təşkil olunan elmi seminarla başlayıb.
Seminarın moderatoru, BDU Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin Bioloji antropologiya elmi-tədqiqat laboratoriyasının elmi işçisi Məhruzə Yusifli arxeoloji irsin öyrənilməsində multidisiplinar və müasir metodların rolundan bəhs edib.
Daha sonra BDU Tarix fakültəsinin dekanı professor İbrahim Zeynalov belə elmi tədbirlərin tələbələrin tədqiqat bacarıqlarının inkişafında mühüm rol oynadığını vurğulayıb. O, Universitet rəhbərliyinin gənc tədqiqatçıların fəaliyyətinə daim xüsusi diqqət ayırdığını qeyd edib.
Seminar çərçivəsində Qobustan Milli Tarix-Bədii Qoruğunun əməkdaşları tərəfindən müxtəlif mövzularda elmi məruzələr təqdim olunub.
Seminar tələbə və müəllim heyətinin aktiv müzakirələri, qarşılıqlı fikir mübadiləsi və sual-cavab sessiyası ilə davam edib.
Silsilə tədbirlərin növbəti mərhələsi Qobustan Milli Tarix-Bədii Qoruğunda təşkil olunub. Bakı Dövlət Universitetinin Tarix fakültəsinin tələbələri üçün keçirilən bu proqram çərçivəsində elmi məruzələr, muzeylə tanışlıq və xüsusi sahə ekskursiyası baş tutub.
Tədbirin açılış mərasimində Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev birgə təşəbbüslərin gənclərin mədəni irsə marağının artırılmasında və elmi əməkdaşlığın inkişafında mühüm rol oynadığını bildirib.
BDU Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru Aslan Qasımov tələbələrin nəzəri biliklərini real arxeoloji mühitdə tətbiq etmələrinin onların peşəkar hazırlığı baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Qobustanda keçirilən elmi sessiyada bir sıra aktual mövzular üzrə təqdimatlar dinlənilib.
Elmi sessiyalardan sonra tədbirin praktiki hissəsi təşkil olunub. Tələbələr əvvəlcə Qobustan qoruğunun muzeyi ilə tanış olaraq arxeoloji materialların sənədləşdirilməsi, qorunması və nümayiş etdirilməsi prosesi barədə əyani məlumat əldə ediblər. Daha sonra Böyükdaş dağının yuxarı səki hissəsinə təşkil olunan sahə ekskursiyası zamanı tələbələr qayaüstü təsvirləri və qədim yaşayış izlərini təbii tarixi landşaft daxilində müşahidə etmək imkanı qazanıblar.
Sonda Bakı Dövlət Universiteti ilə Qobustan Milli Tarix-Bədii Qoruğu arasında gələcək elmi əməkdaşlıq, tələbə təcrübə proqramları, birgə seminarlar və multidisiplinar arxeoloji layihələrin həyata keçirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.