Arzu Nağıyev: Gürcüstanda parlament seçkilərinin azad və demokratik keçiriləcəyinə inanırıq
Tbilisi, 26 oktyabr, AZƏRTAC
Azərbaycan parlamentinin 8 nəfərlik nümayəndə heyəti Gürcüstanda keçirilən parlament seçkilərini müşahidə etmək üçün Tbilisidə səfərdədir. Azərbaycan nümayəndə heyətinin üzvləri beynəlxalq müşahidəçi missiyası çərçivəsində paytaxt Tbilisi ilə yanaşı, Gürcüstanın müxtəlif bölgələrində, şəhər və qəsəbələrində olacaq, səsvermənin gedişini izləyəcəklər.
Bunu AZƏRTAC-a Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Arzu Nağıyev deyib.
Onun sözlərinə görə, ikigünlük müşahidə zamanı Gürcüstanda istər seçkilərin təşkili, istərsə də təbliğat məsələsində hər hansı qanun pozuntusu qeydə alınmayıb.
Arzu Nağıyev Gürcüstanda ilk dəfə proporsional seçki sistemi üzrə keçirilən seçkilərin ölkənin milli maraqlarına müsbət təsir göstərəcəyinə, səsvermənin demokratik, azad və şəffaf keçəcəyinə ümidvar olduğunu bildirib. Qeyd edib ki, insanların normal səsverməsi üçün lazım olan bütün şərait yaradılıb.
Gürcü xalqının düzgün seçim edəcəyinə və öz xoşbəxt gələcəyinə səs verəcəyinə inandığını deyən Azərbaycan nümayəndə heyətinin rəhbəri Gürcüstan Hökumətinə və dost, qardaş gürcü xalqına bu yolda uğurlar arzulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi