AŞ PA-NIN MƏRUZƏÇİSİ TERRİ DEVİS BİLƏSUVARDAKI ÇADIR ŞƏHƏRCİYİNDƏ OLMUŞDUR
Avropa Şurası Parlament Assambleyası Siyasi Məsələlər Komitəsinin Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Terri Devis aprelin 15-də Biləsuvar rayonunda qaçqınların məskunlaşdığı çadır şəhərciyində olmuşdur. Terri Devisi baş nazirin müavini, Dövlət Qaçqınkomun sədri Əli Həsənov, Milli Məclisin deputatı, Azərbaycanın AŞ PA-dakı daimi nümayəndə heyətinin üzvü Səməd Seyidov, digər rəsmi şəxslər və jurnalistlər müşayət etmişlər.
Əli Həsənov qonağı qaçqınlara təqdim etmiş və onun səfərinin məqsədini açıqlamışdır. Çadir şəhərciyində məskunlaşmış Cəbrayıl rayonundan olan qaçqınlar Terri Devisi mehribanlıqla qarşılamış və onun bu səfərini səbirsizliklə gözlədiklərini vurğulamışlar. Şəhərcikdəki məktəbin direktoru İmran Bəyişov demişdir ki, AŞPA məruzəçisinin qaçqınlarla görüşə gəlməsini Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılmaq üçün beynəlxalq birliyin fəaliyyətində dönüş kimi dəyərləndiririk. Dövlətimizin başçısı Heydər Əliyevin diqqət və qayğısı sayəsində qaçqınlara hər cür yardım göstərilir. Amma biz belə hesab edirik ki, dünyanın heç bir yerində belə ağır vəziyyətdə yaşayan insanlar yoxdur. Əminik ki, cənab Terri Devis öz məruzəsini gördüyü həqiqətlər əsasında hazırlayacaqdır.
Düşərgənin qocaman sakini Xanım Rüstəmova ermənilərin torpaqlarımızı işğal etdikdən sonra mədəni sərvətlərimizi, tarixi abidələrimzi də dağıtdıqlarını bildirdi və bunun nə məqsədlə edildiyi barədə məlumat verdi. Xanım ana dedi ki, ermənilər tarixi abidələri dağıdırlar ki, heç kim bu ərazilərin azərbaycanlılara aid olduğunu sübut edə bilməsin.
Qaçqınlar dedilər ki, Azərbaycan xalqı işğal altında olan torpaqlarını azad edə bilərlər. Amma müharibənin necə ağır nəticələrə səbəb olduğunu gördüyümüz üçün münaqişənin sülh yolu ilə həll edilməsini istəyirik və müdrik siyasətçi Heydər Əliyevin bu sahədəki səylərini dəstəkləyirik.
Terri Devis çadır şəhərciyində YUNİSEF-in xətti ilə açılmış uşaq bağçasında oldu. Bağçada körpələr qonağı şerlə qarşıladılar. Bağça kollektivi qonağa kiçik bir hədiyyə təqdim etdilər. Səbətə qoyulmuş bir dəstə süni gül və bülbüldən ibarət hədiyyəni təqdim edənlər qonağa belə dedilər: “Cənab Terri Devis, bülbülün vətəni gül bağıdır. Onu lap qızıl qəfəsdə saxlasan da, imkan tapan kimi, yenə də tikanlı gülə sığınacaq, oranı özünə ən yaxşı məskən sayacaqdır. Biz qaçqınlar da bu bülbül kimi öz vətənimizi istəyirik. Kim bizə nə qədər yardım edirsə etsin, amma bunların heç biri bizə vətənimiz qədər şirin və əziz olmayacaqdır. Biz ümid edirik ki, siz burada gördüklərinizdən sonra Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında və münaqişənin tezliklə həllində bizə yardımçı olacaqsınız”.
Deyilən sözlərin təsiri altında qonaq qaçqın məktəbinə də baş çəkdi və onların necə ağır bir şəraitdə yaşayıb təhsil aldıqlarını müşahidə etdi. Sinif otaqlarını gəzərkən qonaq məktəblilərdən öz doğma yurd yerləri barədə nə bildiklərini soruşdu. Ona cavab verən qaçqın müəllimlər dedilər ki, çadırlarda dünyaya göz açmış bu uşaqların öz el-obaları barədə qiyabi məlumatları vardır. Ermənilər bilərəkdən münaqişənin həllini yubadırlar ki, öz ana yurdları barədə məlumatı olmayan yeni nəsil gələcəkdə torpaqların azad olunmasına çalışmasınlar. Qaçqınlar qonaqdan ermənilərin bu siyasətinə xüsusi diqqət yetirməyi xahiş etdilər.
Daha sonra qonaq qaçqın ailələrin çadırlarına baş çəkdi, özünün seçdiyi sakinlərlə söhbət etdi.
Terri Devis onlardan necə qaçqın düşmələri, müharibəni necə xatırlamaları ilə maraqlandı. Qaçqınlar əsrlər boyu dədə-babalarının yaşadığı ərazilərdən zorla, silah gücünə çıxarıldıqları, erməni faşistlərin azərbaycanlıları ağır işgəncələrlə qətlə yetirmələri, hətta qoca, uşaq və qadınlara divan tutmaları barədə qonağa ətraflı məlumat verdilər.
Terri Devis qaçqınlarla görüşlərində dedi ki, o buraya məhz onların vəziyyəti ilə əyani tanış olmaq üçün gəlib və məruzəsini də öz gözləri ilə gördükləri faktlar əsasında hazırlayacaqdır.
Xətai Əzizov,
Mirnaib Həsənov (foto)
AZƏRTAC-ın xüsusi müxbirləri