ASAN könüllüləri 28 May – Respublika Günü münasibətilə bir sıra tədbirlər reallaşdırıblar
Bakı, 28 may, AZƏRTAC
28 May - Respublika Günü münasibətilə Azərbaycan Respublikasının Gənclər Fondunun, “ASAN Könüllülük” Məktəbinin və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə əməkdaşlığı çərçivəsində silsilə tədbirlər həyata keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova, Qarabağ qazisi, jurnalist, Prezident təqaüdçüsü Rey Kərimoğlu və Milli Məclisin deputatı, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə ilə gənclərin görüşü təşkil olunub.
Keçirilən tədbirlər çərçivəsində, həmçinin aparıcı gənclər təşkilatlarının könüllülərinin iştirakı ilə “ASAN xidmət” mərkəzində satışa çıxarılacaq rəsmlərin satışından əldə olunan gəlirlərin “YAŞAT” Fonduna ianə olunacağı rəsmlər çəkilib.
Respublika gününə həsr olunmuş tədbirlərin davamında könüllülər arasında onlayn formatda “Nə? Harada? Nə zaman?” intellektual turniri keçirilib.
Tədbirlər silsiləsində, həmçinin könüllü aktyorların ifasında təqdim olunan “Kölgə” tamaşasında müxtəlif kölgələr və pantomim epizodlar izləyicilərə təqdim olunub.