ASK BEYNƏLXALQ ƏMƏK TƏŞKİLATI İLƏ QADIN SAHİBKARLIĞININ İNKİŞAFINA YARDIM EDƏCƏK LAYİHƏ HƏYATA KEÇİRİR
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ASK Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə birlikdə “Qadın sahibkarlığının inkişafı” layihəsini həyata keçirir.
Layihənin məqsədi qadın sahibkarların qarşılaşdığı problemləri aradan qaldırmağa kömək göstərmək, onları biznesin idarə edilməsi ilə bağlı yaranan maneələrin həlli yolları barədə məlumatlandırmaqdır. Bununla bağlı, BƏT-in sahibkarlığın inkişafı və iş yerlərinin yaradılması departamenti və Beynəlxalq Tədris Mərkəzi tərəfindən hazırlanmış “Qadın sahibkarlığının inkişafı üçün potensialın yaradılması” adlı məlumat kitabçası ASK tərəfindən yerli şəraitə uyğunlaşdırılaraq nəşr edilmişdir. Kitabça qadın sahibkarlara yardımçı ola biləcək bir sıra metodikaları və üsulları, həmçinin qadın sahibkarların bizneslərinin yaradılması, qeydiyyata alınması və genişlənməsi ilə əlaqədar qarşılaşdığı bir çox problemləri və onların həlli yollarını özündə əks etdirir.
Xatırladaq ki, iyunun 18-dən 20-dək Bakıda layihə çərçivəsində məlumatlandırıcı seminar keçiriləcəkdir. Seminarda 15 nəfərin, o cümlədən pilot rayonu olan İsmayıllı rayonu nümayəndələrinin iştirakı nəzərdə tutulur.