AŞPA NÜMAYƏNDƏLƏRİ BALAKƏN VƏ ŞƏKİ RAYONLARINA SƏFƏR ETMİŞLƏR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Balakən Rayon İcra Hakimiyyətində keçirilən görüşdə nümayəndələri səmimi salamlayan icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev rayonun coğrafi mövqeyi, əhalisi, iqtisadiyyatı, sosial-mədəni həyatı barədə qonaqlara ətraflı məlumat vermişdir.
Yeni həmməruzəçi Andres Herkeli rayon rəhbərlərinə təqdim edən Andreas Qross Balakən əhalisinin milli tərkibi və məşğulluğu, milli azlıqlara münasibət, rayonda həyata keçirilən torpaq islahatlarının nəticələri, işsizlik probleminin həlli ilə bağlı görülən işlər, rayon mətbuatının mövcud vəziyyəti və digər məsələlər barədə məlumat verilməsini xahiş etmişdir.
Avropalı qonaqlara bildirilmişdir ki, 87 min nəfər əhalisi olan Balakəndə hazırda 20-yə yaxın millətin nümayəndələri dinclik və mehribanlıq şəraitində yaşayırlar. Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsulları istehsalı təşkil edir. Əsasən, avarların yaşadığı və 6 kəndi əhatə edən Qabaqçöl qəsəbəsində mövsüm dövründə gündə 200- 250 ton faraş tərəvəz yığılır və respublikamızın, həmçinin qonşu Gürcüstanın bazarlarına göndərilir.
İngiloyların yaşadıqları İtitala kəndində, rayonun digər kəndlərində olduğu kimi, əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri tədbirlər həyata keçirilmiş və aparılan torpaq islahatları uğurla başa çatdırılmışdır. Azərbaycan Prezidentinin fərmanı ilə təsdiq olunmuş Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, hazırda Balakən rayonunda da əhalinin məşğulluğu probleminin həllinə və yeni iş yerlərinin açılmasına diqqət xeyli artmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barəsində də geniş fikir mübadiləsi aparılmışdır. Sonra qonaqlar müxtəlif siyasi partiyaların nümayəndələri ilə görüşmüşlər.
Səfərin sonunda həmməruzəçilər Balakəndə keçirdikləri görüşlərdən razı qaldıqlarını rayon rəhbərliyinin diqqətinə çatdırmış və səmimi qəbula görə minnətdarlıqlarını bildirmişlər.
Avqustun 7-də axşam Şəki şəhərinə gələn qonaqları şəhər icra hakimiyyətinin başçısı Əşrəf Məmmədov və şəhər bələdiyyəsinin sədri Temurxan Şamilov mehribanlıqla qarşılamışlar. Ertəsi gün AŞPA-nın həmməruzəçiləri Şəkidə qeydiyyata alınmış qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri ilə görüşmüşlər.