AŞPA SƏDRİ 2007-Cİ İLDƏ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİNDƏ DÖNÜŞ OLACAĞINA İNANIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 22-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Rene van der Linden qurumun qış sessiyasını izləyən jurnalistlər üçün mətbuat konfransı keçirmişdir.
Sədr Rusiya və Belarusa səfərlərinin nəticələri, habelə sessiyanın gündəliyinə daxil edilmiş məsələlər haqqında məlumat vermişdir. O, insan hüquqlarının, xüsusilə uşaqların hüquqlarının qorunmasının əhəmiyyətini vurğulamışdır.
Rene van der Linden Avropa Şurası ilə Avropa İttifaqı arasında əlaqələrə də toxunmuş, şuranın Serbiyadakı seçkilərə, Türkiyədə erməni mənşəli jurnalistin qətlə yetirilməsinə və digər məsələlərə münasibətini bildirmişdir.
Azərbaycanlı jurnalistin “Bu sessiyada Ermənistanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi məsələsi müzakirə olunacaq. Bu ölkə Avropa Şurasının prinsiplərinə zidd olaraq başqa bir dövlətin - Azərbaycanın ərazilərini işğal altında saxlamaqda davam edir. Qurum bundan narahatdırmı? İşğalçı dövlətə qarşı sərt addımlar atıla bilərmi?” sualına cavab verən AŞPA sədri demişdir ki, Avropa Şurası problemin sülh yoli ilə həllində maraqlıdır.
Rene van der Linden rəhbərlik etdiyi qurumun bu məsələdə hər iki ölkə rəhbərlərinin dialoquna üstünlük verdiyini demişdir. O, 2007-ci ildə bu məsələdə dönüş yaranacağına ümidvar olduğunu bildirmişdir.