Aşqarlar Kimyası İnstitutunda alimlərin elmi fəaliyyətinin qiymətləndirilmə sistemi təkmilləşdiriləcək
Bakı, 13 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu “AMEA-nın 2020-2025-ci illər üçün İnkişaf Proqramı”nın əsas prioritet hədəflərinə uyğun fəaliyyətini genişləndirəcək və təkmilləşdirəcək.
Bu barədə AZƏRTAC-a açıqlamasında institutun direktoru, akademik Vaqif Fərzəliyev bildirib.
O deyib ki, rəhbərlik etdiyi elmi müəssisədə həyata keçiriləcək tədbirlər idarəetmənin təkmilləşdirilməsi, elmi infrastrukturun modernləşdirilməsi, elmi işçilərin attestasiyasının aparılması, elmi kadrların hazırlanması, elmi fəaliyyətin qiymətləndirilmə sisteminin keyfiyyətcə yaxşılaşdırılmasını əhatə edəcək. Eyni zamanda, elmin, təhsilin və iqtisadiyyatın inteqrasiyasının dərinləşdirilməsi, beynəlxalq əlaqələrin daha da inkişaf etdirilməsi, birgə əməkdaşlıq proqramının hazırlanması, innovasiya fəaliyyətinin genişləndirilməsi, elmi nəticələrin tətbiqi istiqamətində də müəyyən addımlar atılacaq.
Akademik qeyd edib ki, bununla bağlı daxili sərəncam verilib. Müvafiq şöbə və laboratoriya rəhbərlərinə ayrı-ayrı elmi bölmələrdə geniş müzakirələr keçirilməsi, yekun rəy və təkliflərin elmi katibliyə təqdim edilməsi tapşırığı verilib.
“İnstitutun əməkdaşları aparılacaq attestasiyanı və elmi fəaliyyətin qiymətləndirilməsini nəzərə alaraq elmi fəallığı daha da artırmalı və fəaliyyətlərini dünyanın yeni və müasir elmi çağırışlarına uyğunlaşdırmalıdırlar”, - deyə akademik Vaqif Fərzəliyev vurğulayıb.