“Astana Opera” teatrının səhnəsində Nizami Gəncəviyə həsr olunmuş opera nümayiş etdirilir
Astana, 21 may, AZƏRTAC
Astanada “Astana Opera” teatrının səhnəsində Qabit Musrepovun “Qıpçaq qızı Appak” dramı əsasında “Qıpçaq qızı Appak” milli operası təqdim olunur.
AZƏRTAC xəbər verir ki, libretto dahi Azərbaycan şairi Nizami Gəncəvi ilə Dərbənd hökmdarı tərəfindən ona hədiyyə edilən gənc qıpçaq gözəli Appakın sevgi hekayəsinə əsaslanır.
Appak təkcə Nizaminin həyat yoldaşı deyil, həm də onun ilham pərisi olub və söz ustasını dünya poeziyası xəzinəsinin bir hissəsinə çevrilmiş valehedici qadın obrazları yaratmağa ilhamlandırıb.
Operanın qəhrəmanları sınaqlardan keçməli, paxıllığa, xəyanətə və hiyləyə üstün gəlməlidirlər. Finalda xeyirxahlıq və sevgi qələbə çalır — Nizaminin səxavəti, Appakın ruhunun saflığı və Dərbənd hökmdarının müdrikliyi qonşu xalqlar arasındakı münaqişəyə son qoymağa kömək edir.
İki pərdə və doqquz səhnədən ibarət olan opera 2 saat 40 dəqiqə davam edir.