Astanada keçirilən ilk “GASTHERM EXPO”nu 2 mindən çox mütəxəssis ziyarət edib
Astana, 27 avqust, AZƏRTAC
Astanada üç gün ərzində Qazaxıstanın qaz, istilik energetikası, su, tikinti və mühəndislik sahələrinin nümayəndələri olan 2 mindən çox peşəkar ziyarətçini bir araya gətirən “GASTHERM EXPO 2026” beynəlxalq ixtisaslaşdırılmış sərgisi başa çatıb.
Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) tədbirin media tərəfdaşı kimi çıxış edib.
AZƏRTAC xəbər verir ki, sərgidə Qazaxıstan, Türkiyə, Çin, Belarus və Rusiyadan 50-dək şirkət iştirak edib. Onlardan 35-i Qazaxıstanı təmsil edib. Burada qaz təchizatı, istilik təchizatı, su təchizatı və kanalizasiya, boru kəməri sistemləri, avtomatlaşdırma, monitorinq və enerji səmərəliliyinin artırılması üçün avadanlıq və texnoloji həllər təqdim olunub.
Mühəndislik şəbəkələrinin rəqəmsal idarə olunmasına xüsusi diqqət yetirilib. İştirakçılar real vaxt rejimində qaz sızmalarının aşkar edilməsi, infrastrukturun vəziyyətinin məsafədən monitorinqi və göstəricilərin avtomatik ötürülməsi texnologiyalarını təqdim ediblər.
Üç gün ərzində iştirakçılar potensial sifarişçilər, podratçılar, təchizatçılar və tərəfdaşlarla B2B danışıqları aparıblar.
Sərgi ilə paralel olaraq, “QazaqGaz” Milli Şirkəti” ASC-nin sənaye tərəfdaşı qismində çıxış etdiyi “GASTHERM INTERNATIONAL FORUM” keçirilib. Forumun işgüzar proqramında 40-dək spiker iştirak edib. Forum çərçivəsində Qazaxıstanın mühəndislik infrastrukturunun inkişafına həsr olunmuş altı ixtisaslaşmış sessiya keçirilib.
Ekspertlər daxili tələbatla qaz təchizatı arasındakı balansı, regionların qazlaşdırılmasını, infrastrukturun modernləşdirilməsini, yeni mühəndislik şəbəkələrinin tikintisini, podratçılar bazarını və gələcək layihələri, istismarın təhlükəsizliyini, rəqəmsallaşmanı və süni intellektin tətbiqini, həmçinin Qazaxıstan istehsalının inkişafını müzakirə ediblər.
“GASTHERM EXPO 2026” çərçivəsində ilk dəfə “GASTHERM AWARDS 2026” peşəkar sənaye mükafatının təqdimetmə mərasimi də keçirilib. Mükafatlara qaz təchizatı, su təchizatı və kanalizasiya sistemlərinin, mühəndislik infrastrukturunun və Qazaxıstanın peşəkar icmasının tikintisinə və inkişafına mühüm töhfə vermiş şirkətlər və mütəxəssislər layiq görülüblər.
Təşkilatçılar “GASTHERM EXPO”nu yeni texnologiyaları cəlb edən və birgə infrastruktur layihələrinin həyata keçirilməsi üçün əlavə imkanlar yaradan illik beynəlxalq peşəkar platforma kimi inkişaf etdirməyi planlaşdırırlar.