ASTARA PEDAQOJİ TEXNİKİMUNDA «TƏHSİL MİLLƏTİN GƏLƏCƏYİDİR» MÖVZUSUNDA ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Astara Pedaqoji Texnikumunda ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunmuş «Təhsil millətin gələcəyidir» mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Tədbir iştirakçıları təhsil ocağının birinci mərtəbəsində böyük öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş güşədə dahi rəhbərin portretinin önünə gül dəstələri düzmüşlər.
Toplantıda ümummilli liderimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Astara Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev tədbirdə çıxış edərək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin mənalı və şərəfli ömür yolundan, respublikamıza rəhbərlik etdiyi 35 ilə yaxın bir dövrdə Vətən və xalq qarşısında əvəzolunmaz xidmətlərindən danışmış, müdrik rəhbərimizin, təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində həyata keçiridiyi tədbirləri yüksək qiymətləndirmişdir.
Elmi-praktik konfransda «Heydər Əliyevin milli təhsilimizdə rolu», «Heydər Əliyev gənc nəslin təhsili haqqında», «Azərbaycan dilinin qorunmasında və inkişaf etdirilməsində Heydər Əliyevin xidmətləri», «Heydər Əliyev və Azərbaycan müəllimi» mövzularında məruzələr dinlənilmişdir.
Toplantıda çıxış edənlər ümummilli liderimizin Azərbaycan təhsilinin inkişafındakı müstəsna xidmətlərindən danışmış, Heydər Əliyev irsini xalqımızın milli sərvəti kimi qiymətləndirmiş, böyük rəhbərin siyasi kursunun bu gün dövlətimizin başçısı tərəfindən uğurla davam etdirildiyini vurğulamış, bu ilin payızında keçiriləcək prezident seçkilərində İlham Əliyevə səs verəcəklərini bildirmişlər.
Mərasimdə texnikumun tələbələri böyük öndərə həsr olunmuş şeirlər və mahnılar ifa etmişlər.
Tədbirdə Prezident İlham Əliyevə müraciət qəbul edilmişdir.
İki gün davam edən konfrans öz işini bölmə iclaslarında davam etdirmişdir.
Həmin gün texnikumun tələbələri arasında ümummilli liderimizin 85 illik yubileyinə həsr olunmuş mini futbol və voleybol yarışları da keçirilmişdir.