Astarada 1941-1945-ci illər müharibəsində Qələbənin 66 illiyinə həsr olunmuş mərasim keçirilmişdir
Astara, 8 may (AZƏRTAC). Astara şəhərində 1941-1945-ci illər müharibəsində Qələbənin 66 illiyinə həsr olunmuş mərasim keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları şəhərin “Qəhrəmanlar bağı”nda Sovet İttifaqı Qəhrəmanları Ziya Bünyadovun, Mirzə Cəbiyevin və İlya Koverinin, üç “Şöhrət” ordeni ilə təltif olunmuş Ağahəsən Nəhmətov və Rəhmət Hətəmovun büstləri, “Şəhidlər” abidə-kompleksinin önünə əklillər və gül dəstələri düzmüş, İkinci Dünya müharibəsində həlak olanların xatirəsini ehtiramla yad etmişlər.
Mərasim “Şindan” istirahət mərkəzində bayram süfrəsi arxasında davam etmişdir.
Tədbirdə çıxış edən Astara Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov müharibə iştirakçılarını əlamətdar gün münasibətilə təbrik etmiş, İkinci Dünya müharibəsində azərbaycanlı döyüşçülərin qəhrəmanlıqlarını, arxa cəbhədə çalışanların fədakar əməyini yüksək qiymətləndirmişdir.
Ölkəmizdə müharibə iştirakçılarına göstərilən dövlət qayğısından söhbət açan T.Qaraşov, bu gün Azərbaycanın Qarabağ müharibəsinə cəlb olunduğunu və bu müharibədə yüzlərlə soydaşımızın şəhid olduğunu bildirmiş, erməni qəsbkarları tərəfindən zəbt olunmuş Azərbaycan torpaqlarının tezliklə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə azad olacağına əminliyini ifadə etmişdir.
Bayram mərasimində çıxış edən müharibə iştirakçıları, yaşlı nəslin, gənclərin və ziyalıların nümayəndələri İkinci Dünya müharibəsində Qələbənin əldə edilməsində azərbaycanlı döyüşçülərinin qəhrəmanlıqlarından danışmış, Prezident İlham Əliyevin 1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə Sərəncamını müharibə iştirakçılarına göstərilən qayğının təzahürü kimi qiymətləndirmişlər.