Astarada “COVID-19 pandemiyası ilə əlaqədar gənclərin asudə vaxtlarının təşkili” mövzunda videokonfrans keçirilib
Astara, 21 iyul, Bağır Əliyev, AZƏRTAC
İyulun 21-də Astara rayon Heydər Əliyev Mərkəzi və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “COVID-19 pandemiyası ilə əlaqədar gənclərin asudə vaxtlarının təşkili” mövzunda videokonfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlayn tədbirdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Videokonfransda Astara rayon Gənclər və İdman İdarəsinin gənclər ilə iş üzrə nümayəndəsi Abbas İbrahimli və rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova mövzu ilə bağlı çıxış ediblər.
Qeyd olunub ki, yeni koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə mərkəzin könüllüləri yaşı 65-dən yuxarı olan vətəndaşlara evdə xidmətlərin daha operativ və səmərəli təşkilinə dəstək vermək məqsədilə şəhərdə və kəndlərdə köməyə ehtiyacı olan ahıl insanlara xidmət göstəriblər.
Diqqətə çatdırılıb ki, koronavirus pandemiyası dövründə gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə müxtəlif mövzularda videoçarxlar hazırlanıb, virtual ekskursiya və sərgilər nümayiş etdirilib, “Zoom” proqramı vasitəsilə videokonfranslar təşkil edilib.
Mövzu ilə bağlı müzakirələrdə Astara rayon Heydər Əliyev Mərkəzinin bələdçisi Cəmalə Məmmədova, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Quliyev, Masallı Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı, təlimçi Rafet Şirəliyev, Bakı Gənclər Klubunun sədri Nicat Etibar, Lənkəran şəhərindən olan könüllü gənclər Jalə Fəttayeva və Aytac Babazadə çıxış ediblər.