Astarada ümumi məhsul istehsalı və xidmətlərin həcmi 5,5 faiz artıb
Astara, 5 may, Bağır Əliyev, AZƏRTAC
Bu ilin birinci rübündə Astara rayonunda iqtisadiyyatın əsas sahələri (sənaye, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, tikinti, nəqliyyat və anbar təsərrüfatı, informasiya və rabitə, ticarət; nəqliyyat vasitələrinin təmiri) üzrə istehsal olunmuş məhsul və xidmətlərin həcmi əvvəlki illə müqayisədə 5,5 faiz artaraq 39149,7 min manata çatıb.
İstehsal edilmiş məhsul və xidmətlərin rayon əhalisinin hər nəfərinə düşən dəyəri 353,9 manat təşkil edib.
Bu barədə Astara Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə məlumat verilib.
Bildirilib ki, bu dövrdə ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində 17007,8 min manatlıq və ya ümumi məhsulun 43,5 faizi qədər, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 8930,3 min manatlıq (22,8 faiz), sənayedə 8151,1 min manatlıq (20,8 faiz), tikintidə 4183,9 min manatlıq (10,7 faiz), nəqliyyat və anbar təsərrüfatı sahələrində 596,9 min manatlıq (1,5 faiz), informasiya və rabitə sahələrində isə 279,7 min manatlıq (0,7 faiz) məhsul istehsal olunub və xidmətlər göstərilib.
Əvvəlki illə müqayisədə tikintidə 38,6 faiz, sənayedə 20,9 faiz artım, nəqliyyat və anbar təsərrüfatı sahələrində 25,5 faiz, informasiya və rabitə sahələrində 7,5 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 0,8 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində isə 0,4 faiz azalma müşahidə edilib.