ATƏT-İN HAZIRKI SƏDRİ BU TƏŞKİLATDA İSLAHATLAR APARILMASINA TƏRƏFDARDIR
S. Passi demişdir ki, müasir dünyanın tələbləri və təhdidləri qarşısında ATƏT-in fəaliyyət qabiliyyətinin yaxşılaşdırılmasına yönəldilmiş islahatların hazırlanmasına və həyata keçirilməsinə kömək etmək niyyətindədir. O, həmçinin, bildirmişdir ki, MDB-nin 12 dövlətindən 9-nun başçıları tərəfindən iyulun 3-də Moskvada görüşdə qəbul olunmuş bəyanatı ciddi araşdırmışdır. Bəyanatda deyilirdi ki, “ATƏT əsas sənədləri, o cümlədən 1975-ci il tarixli Helsinki Yekun Aktını lazımınca yerinə yetirmir. Dövlətlərin daxili işlərinə qarışmamaq, suverenliyinə hörmət etmək kimi fundamental Helsinki prinsiplərinə çox vaxt əməl olunmur”.
Bolqarıstan XİN-in başçısı Orta Asiya və Cənubi Qafaz ölkələrinə ATƏT-in nə ilə kömək göstərə biləcəyi məsələsini onlarla müzakirə etməyə tərəfdar olduğunu demişdir. O, ümidvar olduğunu bildirmişdir ki, MDB dövlətləri ATƏT qurumlarına rəhbərliyin həyata keçirilməsinə daha fəal cəlb ediləcəklər.