ATİB İDARƏ HEYƏTİNİN SƏDRİ ANKARADA GÖRÜŞLƏR KEÇİRMİŞDİR
Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, qurumun idarə heyətinin sədri Əhməd Erentok Ankarada işgüzar səfərdə olmuşdur.
Səfər çərçivəsində Ə.Erentok Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl, dövlət naziri Sait Yazıçıoğlu, keçmiş xarici işlər naziri Hikmət Çətin, “TRAO” neft şirkətinin baş direktoru Mehmet Uysalla görüşmüşdür.
Görüşlərdə ATİB-in fəaliyyəti, həyata keçirdiyi və nəzərdə tutulan layihələr, eləcə də qurumun təsis etdiyi Azərbaycan-Türkiyə Tarix Araşdırmaları Fondunun hədəfləri, ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.