Rizvan Nəbiyev: Nifrət ideologiyasının dərsliklər vasitəsilə aşılanması gələcək nəsillərə ciddi təsir göstərir
Bakı, 16 iyun, AZƏRTAC
Müxtəlif ölkələrin təhsil sistemlərinin və dərslik siyasətinin araşdırılması göstərir ki, nifrət ideologiyasının formalaşdırılması cəmiyyətlərin gələcək inkişafına və qonşu xalqlarla münasibətlərinə ciddi mənfi təsir göstərir.
AZƏRTAC xəbər verir ki, bunu Strateji Kommunikasiyalar Mərkəzi (SKM) tərəfindən hazırlanmış “Erməni orta məktəblərində nifrət nitqi və tarixi faktların saxtalaşdırılması” adlı kitabın təqdimat mərasimində Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib.
Deputat qeyd edib ki, tarixdə ayrı-ayrı ölkələrdə dərsliklər vasitəsilə müxtəlif etnik və dini qruplara qarşı nifrətin təbliğ edilməsi hallarına rast gəlinib və bu yanaşma bəzən humanitar fənlərlə yanaşı, digər sahələrə, o cümlədən riyaziyyat dərsliklərinə də sirayət edib.
"Aparılan müqayisəli təhlillər Ermənistanın təhsil materiallarında, eləcə də işğal dövründə Azərbaycanın ərazilərində istifadə olunmuş dərsliklərdə oxşar ideoloji yanaşmaların mövcud olduğunu göstərir.
Xalqlar arasında düşmənçilik və qarşıdurma yalnız hərbi müstəvidə formalaşmır. Müharibənin ideoloji, informasiya və diplomatik mərhələsi, nifrət düşüncəsinin aşılanması məhz erkən yaşlardan başlayır və bu prosesdə dərsliklər mühüm vasitəyə çevrilir", - deyə deputat bildirib.
O vurğulayıb ki, uşaqlara təhsil materialları vasitəsilə ötürülən nifrət elementləri onların gələcək dünyagörüşünün, davranış modelinin və digər xalqlara münasibətinin formalaşmasına birbaşa təsir göstərir: "Bu baxımdan dərsliklərdə yer alan məzmun gələcək nəsillərin düşüncə tərzi üzərində uzunmüddətli təsir edir. Nifrət nitqinin təhsil sistemindən təmizlənməsi regionda dayanıqlı sülh və qarşılıqlı etimad mühitinin formalaşmasının vacib şərtlərindən biridir".