Qubada superintensiv meyvə bağlarının sahəsinin 18 min 500 hektara çatdırılması planlaşdırılır
Quba, 16 iyun, AZƏRTAC
Son illərdə Qubada intensiv və superintensiv meyvə bağlarının salınmasına maraq artıb. Hazırda rayon üzrə 7 min 76,5 hektarı alma bağı olmaqla, 17 min hektar meyvə bağı var. 2025-ci ildə rayonda 2 min 40 hektar yeni bağlar salınıb. 2025-ci ildə rayon üzrə 156 min tona yaxın meyvə və giləmeyvə tədarük olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Qubada keçirilən regional müşavirədə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov deyib.
“Rayonumuzun sahibkarları Prezidentin çağırışına qoşularaq Dövlət Proqramının icra müddəti ərzində Qubada müasir tipli superintensiv meyvə bağlarının sahəsinin 18 min 500 hektara çatdırılması təşəbbüsü ilə çıxış ediblər”, - deyən icra başçısı əlavə edib ki, hazırda rayonda meyvələrin saxlanması üçün 58 min ton tutumu olan 25 soyuducu anbar var. Sahibkarlar tərəfindən soyuducu anbarların sayının 30-a, tutumunun isə 70 min tona çatdırılması planlaşdırılır.
Müxbir – Elxan Yusifli