ATİLLA İLHANIN VƏFATININ BİR İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR
Səfirliyin mədəniyyət və tanıtma müşaviri Fethi Gedikli iştirakçıları Atilla İlhanın həyat və yaradıcılığı ilə tanış etmişdir. O, A.İlhanın hər bir insana təsir göstərən sənətkar olduğunu diqqətə çatdıraraq məlumat vermişdir ki, İzmir, İstanbul, Paris üçbucağında həyat sürən şair 1925-ci ildə İzmir şəhərində dünyaya göz açmışdır. Erkən yaşlarından yaradıcılığa başlayan sənətkar Türkiyənin müstəqilliyi yolunda yorulmaz mübarizlərdən olmuşdur. Əsərlərinin əksəriyyətində, o cümlədən publisistik yazılarında Mustafa Kamal Atatürkün ideyalarını təbliğ etmişdir.
Tədbirdə kitabxananın direktoru Kərim Tahirov Türkiyə və Azərbaycan milli kitabxanaları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyinə toxunmuşdur. Diqqətə çardırmışdır ki, yaxın günlərdə oxucular Azərbaycan Milli Kitabxanasının internet saytının köməyi ilə qardaş ölkənin elektron kitabxanasına daxil olmaq imkanı qazanacaqlar.
Şair-tərcüməçi, publisist, şairin “Varsaqi” adlı ilk şeirini dilimizə çevirmiş Tofiq Abdin Türkiyədə yaşadığı vaxtlar Atilla İlhanın böyüklüyünün, təvazökarlığının, aristokratlığının şahidi olduğundan bəhs etmiş, xatirəsini bölüşmüşdür. Sonra o, şairin “Nə qadınlar sevdim” şeirini oxumuşdur.
Tədbirdə Bakı Slavyan Universitetinin Türkiyəşünaslıq fakültəsinin tələbələri Atilla İlhanın şeirlərindən parçalar söyləmişlər.