CƏMİYYƏT
Atırauda azərbaycanlı gənclər beynəlxalq forumda iştirak edib
Astana, 20 sentyabr, AZƏRTAC
Qazaxıstanın Atırau şəhərində "Saraіshyq upgrade - 2024" adlı beynəlxalq gənclər forumu keçirilib.
AZƏRTAC-ın Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinə istinadən verdiyi məlumata görə, tədbirdə Qazaxıstan, Rusiya, Qırğızıstan, Özbəkistan və Azərbaycandan olan 300 gənc iştirak edib.
Forumun əsas məqsədi yaradıcı sənaye sahələrini dəstəkləmək, milli brendi təşviq etmək, həmçinin innovativ ideyaların beynəlxalq mübadiləsini həyata keçirməkdir.
İkigünlük proqram 6 istiqamət üzrə seminarlardan ibarət olub: "Kinematoqrafiya", "Musiqi", "İT və süni intellekt", "Marketinq", "Teatr" və "Xoreoqrafiya". Spiker qismində sahənin uğurlu nümayəndələri çıxış edərək öz təcrübələrini bölüşüblər.
İştirakçılar elə forumun gedişində əldə etdikləri bilik və bacarıqları təcrübədə tətbiq etmək imkanı qazanıblar.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana