“Autizmlilər” İKİB-in stolüstü tennis komandası Türkiyədə 4 medal qazanıb
Bakı, 23 fevral, AZƏRTAC
Türkiyənin Kəmər şəhərində xüsusi qayğıya ehtiyacı olan insanlar arasında stolüstü tennis üzrə beynəlxalq turnir keçirilib. Türkiyə, Azərbaycan və Kiprdən 600-dək idmançının qatıldığı yarışlarda ölkəmizi “Autizmlilər” İdman Klubu İctimai Birliyinin (İKİB) komandası təmsil edib.
“Autizmlilər” İKİB-in sədri Elnur Məmmədov AZƏRTAC-a məxsusi müsahibəsində bildirib ki, turnirdə uğurla çıxış edən komandamızın üzvləri Nicat Həmidov qızıl, Rza Bayramov və Xaqan Əliyev gümüş, Kamal Bayramov bürünc medal qazanıblar. Klubun atletika komandası apreldə Antalyada keçiriləcək beynəlxalq turnirdə çıxış edəcək.
Qeyd edək ki, klubda stolüstü tennis, atletika, velosiped idmanı, üzgüçülük üzrə bölmələr fəaliyyət göstərir. Bu yaxınlarda isə Autizmlilər” futbol klubu yaradılıb.