Aviaşirkətlərin mənfəətinə dair proqnoz 12 faiz azaldılıb
Bakı, 4 iyun, AZƏRTAC
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (İATA) yanacağın qiymətinin kəskin artması ilə əlaqədar 2018-ci ildə bu sahənin mənfəətinə dair proqnozu azaldıb. AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, İATA geosiyasi gərginliyin əməliyyat risklərini artırması barədə xəbərdarlıq edib.
Assosiasiyanın hesablamalarına görə, 2018-ci ildə aviasiya sahəsinin mənfəəti 33,8 milyard dollar olacaq. Bu, əvvəlki proqnozdan 12 faiz azdır. Ötən il dekabr ayında İATA 2018-ci ildə aviasiya sahəsində rekord məbləğdə - 38,4 milyard dollar mənfəət gözlənildiyini proqnozlaşdırmışdı.
İATA-nın baş direktoru Aleksandr de Jünyak jurnalistlərə deyib: “Aviaşirkətlərin öz işlərini yaxşı yerinə yetirdiyini, lakin 2018-ci ilin mürəkkəb il olmasını demək daha düzgün olardı”.
Baş direktor izah edib ki, proqnozun azaldılması əsasən neftin qiymətinin artması ilə bağlıdır.
De Jünyak xəbərdarlıq edib ki, “proteksionist siyasi qüvvələr”in təsiri aviaşirkətlərə zərər vura bilər. Lakin o, hansı siyasi qüvvələrin daha böyük təhlükə doğurduğunu dəqiqləşdirməyib.
İATA-nın rəhbəri deyib: “İndiyə qədər “ticarət müharibələri” və ya proteksionist maneələrlə əlaqədar sərnişinlərin sayının və ya yüklərin miqdarının əhəmiyyətli dərəcədə azalması ilə üzləşməmişik, lakin əgər bu vəziyyət davam edərsə həmin azalma baş verəcək”.
Assosiasiya hökumətlərə müraciət edərək tələbatın təmin edilməsi üçün infrastruktur xərclərini artırmağa çağırıb, lakin qeyd edib ki, aeroportların özəlləşdirilməsi səmərəsiz olub.
İATA 280-ə yaxın aviaşirkəti birləşdirir. Dünya üzrə hava nəqliyyatı ilə daşımaların 83 faizi bu şirkətlərin payına düşür.