CƏMİYYƏT
AVQUSTUN 11-DƏ MÜBARƏK RAMAZAN AYI BAŞLAYIR
Bakı, 10 avqust (AZƏRTAC). Avqustun 11-də mübarək Ramazan ayı başlayır.
Hicri təqvimin ayları içərisində Ramazan ayının məxsusi yeri vardır. Müqəddəs kitabımız Qurani-Kərim bu ayda nazil olmuşdur. Bütün insanları bir təbəqədə birləşdirən, qardaşlıq, dostluq əlaqələrini möhkəmləndirən Ramazan bayramı əsrlərlə xalqımızın qəlbində yaşamışdır, amma rəsmi bayram kimi Azərbaycan müstəqillik əldə etdikdən sonra qeyd olunur. Bu, xalqımızın mənəvi dəyərlərinə dövlət qayğısının nəticəsidir.
Bu gün - avqustun 10-u Orucluğun niyyət axşamıdır. Avqustun 11-i saat 5.29-da imsaq, axşam saat 20.59-da iftar vaxtıdır. Qədr gecələri Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə, 24-dən 25-nə və 26-dan 27-nə keçən gecələrə təsadüf edir. Ramazan bayramı isə Şəvval hilalının görünməsindən asılı olaraq sentyabrın 9-u və ya 10-na təsadüf edəcəkdir.
Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası Ramazan ayının başlanması ilə əlaqədar avqustun 7-də fətva vermişdir.