AVROPA AZƏRBAYCANLILARI KONQRESİNİN TOPLANTISI KEÇİRİLMİŞDİR
AAK-ın prezidenti Bahəddin Kaya ötən dövrdə görülmüş işlər barədə ətraflı məlumat vermiş, təşkilatın strukturlarının təkmilləşdirilməsinə, onun daha çevik bir quruma çevrilməsinə ehtiyac olduğunu bildirmişdir.
Çıxışlarda qeyd edilmişdir ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xalqımızın qədim və zəngin mədəniyyətinin təbliği sahəsində daha genişmiqyaslı tədbirlər həyata keçirilməlidir. Belə bir inam ifadə olunmuşdur ki, Avropada fəaliyyət göstərən Azərbaycan icmalarını öz ətrafında birləşdirən AAK bu çətin vəzifənin öhdəsindən gəlməyə qadirdir.
Almaniyadakı Maynts Azərbaycan Cəmiyyətinin sədri Başar Kömür, Niderland Azərbaycan Cəmiyyətinin sədri Sahil Qasımov, Estoniya parlamentinin üzvü Eldar Əfəndiyev, Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru Eldar Quliyev və başqaları çıxışlarında AAK-ın strukturlarının təkmilləşdirilməsi və təşkilatın fəaliyyətində ciddi dönüş yarada bilən islahatların aparılması ilə bağlı fikirləri dəstəklədiklərini bildirmişlər.
AAK-ın növbəti hesabat-seçki konfransının bu ilin oktyabrında keçirilməsi qərara alınmışdır.