Avropa İnsan Hüquqları Məhkəməsində müraciətlərə baxış zamanı qərəzli və ədalətsiz yanaşma tətbiq olunur
Bakı, 17 noyabr, AZƏRTAC
Avropa İnsan Hüquqları Məhkəməsinə dövlətlərarası şikayətlər də daxil olur. Ermənistan Azərbaycandan, Azərbaycan isə Ermənistandan şikayətlər edib. Lakin təəssüf ki, müraciətlərə baxışda qərəzli və ədalətsiz yanaşma tətbiq olunur.
AZƏRTAC xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müəllimi Firuzə Abbasova "Avropa İnsan Hüquqları Konvensiyası və Azərbaycan: nailiyyətlər və perspektivlər" mövzusunda beynəlxalq konfransda deyib.
F.Abbasova qeyd edib ki, Avropa İnsan Hüquqları Məhkəməsində ikitirəliyə son qoyulmalı, əgər Avropa İnsan Hüquqları üzrə Konvensiyanın tələblərini pozan dövlət qınanır və onun cəzalandırılmasından söhbət gedirsə, birtərəfli yanaşma tətbiq olunmamalıdır: "1980-ci illərin sonundan Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları orada yaşayan vətəndaşlarımıza qarşı qeyri-insani davranışların artması ilə nəticələndi. Soydaşlarımız təhqir və təhdidlərlə üzləşir, əmlaklarına, mülklərinə ziyan vurulur, özlərinə xəsarət yetirilirdi. Həmin hərəkətlərə qarşı susqunluq ermənilərin azərbaycanlılara qarşı vəhşiliklərini daha da artırdı.
Azərbaycan Ordusunun qazandığı qələbələr sayəsində ərazi bütövlüyümüz bərpa olundu. Başımıza gətirilən bu qədər dəhşətlərə rəğmən biz erməni millətindən olan vətəndaşları Konstitusiyamız altında yaşamağa dəvət etdik. Hətta onlar çətinlikdə olanda humanitar yardımlar da göndərdik.
Hazırda Ermənistanda bir nəfər də olsun azərbaycanlı yoxdur, monoetnik ölkə kimi tanınır. Doğma yurdlarından didərgin düşmüş azərbaycanlıların öz yurd-yuvasına geri qayıdış istəyinə "bu məsələdən 30 ildən çox vaxt keçib" prinsipi ilə yanaşanlar da var. Halbuki biz Qarabağdan heç bir ermənini qovmadıq, bizimlə birgə yaşamaq istəyənləri qəbul etdik. Bununla belə ölkəmizə qarşı qərəzli mövqe yürüdülür. Azərbaycan çoxmillətli ölkədir. Burada tolerant mühit hökm sürür. Ölkəmizdə yaşayan millətlərdən hər hansı birinin nümayəndəsi deyə bilməz ki, burada ayrı-seçkiliyə, milliyyətinə, dini inancına görə təzyiqə ya haqsızlığa məruz qalıb. Nədənsə ölkəmizin xoş niyyəti və millətlərin dostcasına yaşaması üçün yaradılan mühit görməzdən gəlinir. Lakin Ermənistanın əsassız iddialarına dərhal reaksiya verilir. Bəs öz yurd-yuvalarından didərgin düşən azərbaycanlıların hüquqları necə olsun? İnsan hüquqlarından danışan qurum və dövlətlər həqiqəti görməyə kor olmamalı, qərar verərkən ədalət prinsiplərinə söykənməlidirlər".