DÜNYA
Avropa İttifaqı haqqında yeni müqavilə 2012-ci ilin martında bəyənilə bilər
Bakı, 6 dekabr (AZƏRTAC). Avropa İttifaqı haqqında yeni müqavilə 2012-ci ilin martında bəyənilə bilər.
Bunu dekabrın 5-də Fransa Prezidenti Nikola Sarkozi AFR kansleri Angela Merkel ilə danışıqları başa çatandan sonra bildirmişdir. Sənədin avrozonasının ən azı 17 dövləti tərəfindən bəyənilməli olduğunu bildirən Fransa Prezidenti demişdir: “Bu sənəd Avropa İttifaqının ona qoşulmaq istəyən bütün ölkələri, habelə Aİ-nin üzvü olmayan dövlətlər üçün açıq olacaqdır”.
Fransa həmin sənədi 2012-ci ilin yazında keçiriləcək parlament və prezident seçkilərindən sonra təsdiq etmək niyyətindədir. Müqavilənin Fransa və Almaniya tərəfindən işlənib hazırlanmış layihəsində kəsirsiz dövlət büdcəsinə nail olmağı nəzərdə tutan qızıl qaydanı gücləndirmək və ahəngdar etmək nəzərdə tutulur.
Avropa İttifaqı haqqında yeni müqaviləyə belə bir qaydanın daxil edilməsi Aİ ölkələrinin konstitusiya məhkəmələrinə büdcənin tarazlı vəziyyətə qaytarılmasını nəzarətdə saxlamaq imkanı verəcəkdir. Avropa Məhkəməsi milli büdcələri ləğv etmək hüququndan məhrum olunacaqdır. Bundan əlavə, Fransa və Almaniyanın təklifi ilə dövlət büdcəsi kəsirinin ÜDM ilə bağlı üç faizlik həddinin artırılmasının yolverilməzliyi qaydasını pozan ölkələrə qarşı avtomatik sanksiyalar mexanizmi yaradılacaqdır. Sarkozinin sözlərinə görə, belə sanksiyalar dərhal qəbul edilməlidir.
Fransa və Almaniya böhrana qarşı mübarizə tədbirlərinin həyata keçirildiyi dövrdə avrozonasının dövlət və hökumət başçılarının müntəzəm görüşlərinin keçirilməsini zəruri sayır. Belə görüşlərin gündəliyi dəqiq olmalı, avrozonasında iqtisadi artımın təminatına kömək edən tədbirlərin görülməsinə yönəldilməlidir.