Avropa İttifaqı Rusiyadan qaz idxalını birdəfəlik dayandırmaq barədə razılığa gəlib
Berlin, 3 dekabr, AZƏRTAC
Avropa İttifaqı (Aİ) Rusiyadan qaz idxalını birdəfəlik dayandırmaq və Rusiya neftindən mərhələli şəkildə imtina etmək barədə ilkin siyasi razılıq əldə edib.
AZƏRTAC xəbər verir ki, Aİ Şurasının yaydığı məlumatda bu barədə razılaşmanın Avropa Parlamenti və Şura arasında təsdiqləndiyi qeyd olunub. Yeni qərar Aİ-nin Rusiyadan enerji asılılığını tam aradan qaldırmağı, enerji təhlükəsizliyini və bazarda sabitliyi möhkəmləndirməyi hədəfləyir.
Aİ Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bu addımı Avropanın Rusiyadan tam enerji müstəqilliyinin başlanğıcı adlandırıb. Onun sözlərinə görə, “REPowerEU” planı Aİ-ni enerji böhranından qoruyub və İttifaqı Rusiyanın fosil yanacaqlarından rekord sürətlə uzaqlaşdırıb.
Razılaşmaya əsasən, Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) idxalı 2026-cı il dekabrın 31-dək, boru kəməri qazı isə 2027-ci il sentyabrın 30-dək tamamilə dayandırılacaq. Qısamüddətli müqavilələr üzrə LNG idxalına qadağa gələn il aprelin 25-dən, boru kəməri qazına qadağa isə iyunun 17-dən tətbiq ediləcək. Uzunmüddətli müqavilələrlə bağlı LNG idxalı 2027-ci ilin ilk gününədək qadağan olunacaq. Boru kəməri qazının uzunmüddətli tədarükünə yalnız 2027-ci il sentyabrın 30-dək icazə veriləcək. Üzv dövlətlər anbarların səviyyəsinin aşağı olması halında qadağanı 2027-ci il oktyabrın son gününə qədər uzada biləcəklər.
Yeni tənzimləmə qanundankənar yolları istisna edən monitorinq və nəzarət mexanizmlərini nəzərdə tutur. Üzv dövlətlər 2026-cı il martın 1-dək qaz və neft təchizatının şaxələndirilməsinə dair milli planlar təqdim etməlidirlər. Komissiya bu planları qiymətləndirəcək və müvafiq tövsiyələr verəcək.
Aİ, həmçinin 2027-ci ilin sonunadək Rusiyadan bütün neft idxalının tam dayandırılmasına sadiqliyini ifadə edib.
Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Avropa Komissiyası Rusiyadan enerji asılılığının tam aradan qaldırılması üçün 2022-ci ilin mayında “REPowerEU” planını təqdim edib. Müharibənin əvvəlində Aİ-nin Rusiyadan qaz asılılığı 45 faiz idisə bu rəqəm cari ilin ilk yarısında 13 faizə düşüb. Bununla belə, ötən il Aİ enerji sisteminə 35 milyard kubmetr Rusiya qazı daxil olub və bu, cari qiymətlərlə təxminən 10 milyard avroya bərabərdir. Rus kömürünün bütün idxalına sanksiya tətbiq olunub, neft idxalı isə 2022-ci ilin əvvəlindəki 27 faizdən hazırda 2 faizə düşüb.