İDMAN
Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Arsenal” ilə cavab matçında “Neftçi”ni anşlaq gözləyir
Bakı, 31 iyul, AZƏRTAC
Avropa Liqasının ikinci təsnifat mərhələsinin Tulanın “Arsenal” klubu ilə cavab matçında Azərbaycanın “Neftçi” klubunu öz meydanında dolu tribunalar gözləyir.
AZƏRTAC xəbər verir ki, bu barədə iyulun 31-də “Neftçi”nin mətbuat xidmətindən məlumat veriblər.
Birinci oyun iyulun 25-də Tulada 1:0 hesabı ilə Azərbaycan klubunun xeyrinə başa çatıb. Cavab görüşü avqustun 1-də saat 21:00-da Bakıda keçiriləcək. Birinci matçda 20 min tamaşaçı yeri olan stadionda təqribən 15 min azarkeş olub.
Mətbuat xidmətindən deyiblər: “Biletlər çox yaxşı satılır. Biz anşlaq gözləyirik. Klub “Arsenal” azarkeşləri üçün 300 bilet ayırıb”.
Daha əvvəl Tula klubunun mətbuat xidmətindən bildiriblər ki, “Arsenal”ı Bakıda təqribən 50 azarkeş dəstəkləyəcək. “Neftçi” “Arsenal”ı 15 min tamaşaçı yeri olan “Baksel-Arena” stadionunda qəbul edəcək.
Rusiya Premyer-Liqasının 2018/19-cu illər mövsümünün yekunlarına görə, “Arsenal” turnir cədvəlində altıncı yeri tutub və Avropa Liqasının ikinci seçim mərhələsində çıxış etmək hüququ qazanıb. “Neftçi” isə Azərbaycan çempionatında ikinci yeri tutub və turnirə birinci təsnifat mərhələsindən başlayıb. O, bu mərhələdə Moldovanın “Speransa” klubu ilə keçirdiyi iki görüşün (6:0, 3:0) qalibi olub.