Avropa ölkələrində kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı aşağı düşüb
Bakı, 27 avqust, AZƏRTAC
Avropada müşahidə olunan anomal istilər və quraqlıq bir sıra kənd təsərrüfatı bitkilərinin, o cümlədən qarğıdalının, soyanın, kartofun, şəkər çuğundurunun və günəbaxanın məhsuldarlığı ilə bağlı gözləntiləri aşağı salıb.
AZƏRTAC xəbər verir ki, Avropa Komissiyasının Birgə Tədqiqat Mərkəzi avqust ayı üzrə Avropada kənd təsərrüfatı bitkilərinin inkişafını və məhsuldarlıq proqnozlarını əhatə edən MARS Bülletenini yayıb.
Bülletenə görə, iyulun əvvəlindən avqustun ortalarına qədər Avropada hökm sürən davamlı yüksək təzyiq sistemi buludların və yağıntıların yaranmasını məhdudlaşdıraraq, isti havanın davam etməsinə səbəb olub. Təkrarlanan isti hava dalğaları nəticəsində su itkisi yağıntılarla təmin olunan su miqdarını üstələyib və bu da avqustun ilk yarısında quraqlığın daha da artması ilə nəticələnib. Həmin dövrdə Qərbi və Cənub-Qərbi Avropa ilə Mərkəzi Avropanın cənub hissələrində gündəlik orta temperatur mövsümi normadan 4, Fransanın bəzi bölgələrində isə 6 dərəcə yüksək olub.
Yüksək temperatur və su çatışmazlığı kənd təsərrüfatı bitkilərinin inkişafına mənfi təsir göstərməklə yanaşı, onların vaxtından əvvəl qurumasına səbəb olub. Avropa İttifaqı üzrə bu il hər hektardan soyanın məhsuldarlığı son 5 ilin orta göstəricisindən 14 faiz az olub. Müvafiq göstəricinin silos qarğıdalısında 12, dənli qarğıdalıda 7, kartofda 6, şəkər çuğundurunda 5, günəbaxanda isə 3 faiz təşkil edəcəyi proqnozlaşdırılır.
İsti və quraq hava otlaq sahələrinə də təsir göstərib. Bu vəziyyət Avropa ölkələrində heyvan yeminin tədarükü ilə bağlı narahatlıqları artırıb.
Müxbir – Göyçək Mahmudlu