Avropa Parlamentinin qərəzli və əsassız mövqeyi onun nüfuzlu təşkilat kimi obyektivliyinə kölgə salır
Bakı, 12 mart, AZƏRTAC
Avropa Parlamentində müzakirəyə çıxarılan Qarabağda “erməni mədəni irsi”nin dağıdılması ilə bağlı məsələ ölkəmizə qarşı növbəti qərəzli və həqiqəti əks etdirməyən ədalətsiz yanaşmadır. Görünür ki, Azərbaycana qarşı dünyada mənfi imicin formalaşdırılması üçün növbəti yalan məlumatlar yayılır. Təəssüf doğuran məqam odur ki, Avropa Parlamenti və onun alt strukturları Azərbaycana qarşı yalan məlumatları yoxlamağa nəinki səy göstərir, hətta canfəşanlıqla Avropa ictimaiyyətini bu yalanlara inandırmağa çalışırlar. Əslində isə Avropanın bütün ölkələrinə bərabər və ədalətli münasibət göstərmək əvəzinə, Azərbaycan haqqında həqiqətə uyğun olmayan fikirlər tirajlanır. Təəssüf hissi ilə qeyd etmək istəyirik ki, Avropa Parlamentinin qərəzli və əsassız mövqeyi onun nüfuzlu bir təşkilat kimi obyektivliyinə kölgə salır, beynəlxalq təsisatın qeyri-ciddi və qərəzli siyasi mövqeyinin formalaşmasına xidmət edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Dostluq Gənclərin Əlaqələndirmə Mərkəzi”nin sədri Yusif Ağayev söyləyib.
Yusif Ağayev deyib: “Otuz ilə yaxındır ki, təcavüzkar Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarının, tarixi abidələrimizin, məscidlərimizin, şəxsi mülklərimizin, evlərimizin, şəhərlərimizin dağıdılması haqqında Avropa Parlamenti indiyədək birmənalı, qəti mövqe nümayiş etdirməyib. Məhz bunun üçün də ölkəmiz qərəzli və ədalətsiz fikirləri birmənalı şəkildə qəbul etmir və Avropa ictimaiyyətini təmsil edən sağlam, ədalətli düşüncə sahiblərini ikili standartlara xidmət edən bu qərəzli siyasətə qarşı etiraz bildirməyə çağırır. Azərbaycana qarşı yönəlmiş qətnamənin əsasında "idarə edilən xaos" vəziyyətinin yaradılması cəhdinin dayandığı aydın görünür. Qeyri-hökumət təşkilatı olaraq bildiririk ki, bu tipli “yumşaq güc” adı altında olan cəhdlərə imkan verməyəcəyik. Bəyan edirik ki, bu təzyiq üsulu məlum xarici ölkələrdə fəaliyyət göstərən qurum və şəxslərin ölkəmizə qarşı növbəti qərəzli münasibəti digər ölkənin işlərinə qarışmaq cəhdi və həqiqəti əks etdirməyən mövqeyi kimi qəbul edilir və buna qəti etirazımızı bildiririk”.
O qeyd edib ki, son illərdə Azərbaycanın uğurlu inkişafı, əsasən də 2020-ci ildə torpaqlarını işğaldan azad etməsi müəyyən qüvvələrin planlarını pozub. Təəssüf ki, bu uğurları qəbul edə bilməyən yerli və xarici bədxahlar da var. Bu cür qurumlar və təşkilatlar arasında erməni lobbisi, o cümlədən bəzi avropalı siyasətçilər xüsusi yer tutmaqdadır.
Yusif Ağayev vurğulayıb ki, Azərbaycanın Avropa dəyərlərinə hörmətlə yanaşmasına, insan hüquq və azadlıqlarının qorunması sahəsində bir çox nüfuzlu institutlarla əməkdaşlıq etməsinə baxmayaraq, həqiqəti əks etdirməyən bu cür qərəzli məlumatların yayılması həmin təşkilatlarda təmsil olunanların da obyektivliyini şübhə altına alır və təkcə özünün deyil, bu sahədə fəaliyyət göstərən digər institutların da fəaliyyətinə və nüfuzuna xələl gətirir. Biz Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatı olaraq ölkəmizlə bağlı söylənilən qərəzli və həqiqəti əks etdirməyən fikirləri birmənalı şəkildə qəbul etmirik.