AVROPA ŞURASI AZƏRBAYCANDA SÜLHÜN VƏ ƏRAZİ BÜTÖVLÜYÜNÜN BƏRQƏRAR EDİLMƏSİNİN TƏRƏFDARIDIR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri ölkəmizə səfərlərinin məqsədinin Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məruzə hazırlayaraq Monitorinq Komitəsinə təqdim etməkdən və bu işlə əlaqədar bir çox dövlət qurumlarında görüşlər keçirməkdən ibarət olduğunu bildirmişlər.
Həmməruzəçilərin xahişi ilə respublikamızın xarici siyasət idarəsinin başçısı Elmar Məmmədyarov ölkəmizin Avropa Şurası ilə əməkdaşlığının əhəmiyyəti, dövlətimizin xarici siyasəti, regiondakı vəziyyət, Azərbaycanda aparılan iqtisadi, siyasi, demokratik islahatlar, qonşu dövlətlərlə əlaqələr, XX əsrdə Asiyaya, XXI əsrdə isə Avropaya inteqrasiya, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli istiqamətində aparılan danışıqlar haqqında qonaqlara geniş məlumat vermişdir. Azərbaycanın müstəqillik əldə etdiyi vaxtdan cəmiyyətimizin inkişafı sahəsində böyük işlər görüldüyünü diqqətə çatdıran nazir, bu istiqamətdə həyata keçirilən tədbirlərə Ermənistanın Azərbaycana təcavüzünün ciddi maneələr törətdiyini vurğulamışdır.
AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Andreas Qross ətraflı məlumata görə nazir Elmar Məmmədyarova təşəkkürünü bildirərək, Azərbaycan ilə Avropa Şurası arasında səmərəli fəaliyyətin və qarşılıqlı surətdə faydalı əlaqələrin davam etdiriləcəyinə ümidvar olduğunu bildirmişdir. O, həmçinin Azərbaycanda sülhün və ərazi bütövlüyünün bərqərar edilməsində maraqlı olduğunu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün danışıqlar prosesinin intensivləşdirilməsinin vacibliyini diqqətə çatdırmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə olunmuşdur.