AVROPA ŞURASI MONİTORİNQ KOMİTƏSİNİN HƏMMƏRUZƏÇİLƏRİ QUBADA OLMUŞLAR
Əvvəlcə qonaqlar Quba Rayon İcra Hakimiyyətində yerli bələdiyyələrin üzvləri ilə görüşmüş, rayonda özünüidarə orqanlarının fəaliyyəti ilə maraqlanmış, son seçkilərə görüş iştirakçılarının münasibətini öyrənmişlər.
Sonra həmməruzəçilər rayonda yaşayan milli azlıqların nümayəndələri, Quba Olimpiya Kompleksində isə qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə görüşmüşlər.
Andres Herkel müxbirimizə məxsusi müsahibəsində demişdir ki, bu onun Azərbaycana ilk səfəri deyildir və Andreas Qrossla birlikdə bir neçə dəfə ölkəmizdə olmuşdur. Milli müxtəlifliyi ölkələrin qiymətli sərvəti adlandıran, onu qoruyub saxlamağın vacibliyini söyləyən qonaq demişdir: “Mən həmişə məruzələrdə qeyd etmişəm ki, Azərbaycanda etnik zəmində problem yoxdur. Bu gün də şahid olduq ki, Qubada etnik azlıqlar dinc yanaşı yaşayırlar. Bu, müsbət haldır”.
Qonaqları Azərbaycanın Avropa Surası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Milli Məclisin Qubadan olan deputatları Vahid Əhmədov, Yevda Abramov və rayon icra hakimiyyətinin başçısı Ərziman Əliyev müşayiət etmişlər.