AVROPA ŞURASI ÖLKƏLƏRİNİN PARLAMENT SƏDRLƏRİNİN TALLİNN SAMMİTİ ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
Milli Məclisin mətbuat katibi Akif Nəsirovun verdiyi məlumatda deyilir ki, tədbiri Estoniya parlamentinin sədri Tumas Varek açmışdır. Sonra Avropa Şurası Parlament Assambleyasının sədri Rene van der Linden çıxış edərək, bu tədbirin əhəmiyyətindən danışmışdır. Avropa Parlamentinin sədri Jozep Borrelin isə təmsil etdiyi qurumun müraciətini səsləndirmişdir.
Sonra “Parlament diplomatiyası vasitəsi ilə əlaqələrin yaradılması” məsələsi müzakirə olunmuş, mövzu ilə bağlı İsveç parlamentinin sədri Byorn von Syudov və Belçika Nümayəndələr Palatasının sədri Herman de Kroonun məruzələri dinlənilmiş, geniş fikir mübadiləsi aparılmışdır.
Həmin gün Milli Məclisin sədri Oqtay Əsədov Rumıniya Senatı sədrinin müavini Teador Meleşkanu ilə görüşmüşdür. Görüşdə Azərbaycan-Rumıniya əlaqələrinin daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunmuşdur. Qeyd edilmişdir ki, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial imkanlar vardır və hər iki ölkə bu imkanlardan səmərəli istifadə etməlidir. İndi Azərbaycan Cənubi Qafqazda iqtisadi cəhətdən lider ölkə olmaqla yanaşı, həm də bu regionun təhlükəsizliyinin qarantına çevrilmişdir. Rumıniya isə Azərbaycanda həyata keçirilən iri iqtisadi layihələrə xüsusi maraq göstərir.
Söhbət zamanı parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi, Oqtay Əsədovun Rumıniyaya gözlənilən səfəri və digər vacib məsələlər barədə geniş fikir mübadiləsi aparılmışdır.
Konfransın birinci iş gününün sonunda Estoniya parlamentinin sədri Tumas Varekin adından tədbir iştirakçılarının şərəfinə ziyafət verilmişdir.
Səfər davam edir.