DÜNYA
Avropada 60 min dollara kənd icarəyə götürmək olar
Bakı, 24 fevral (AZƏRTAC). Varlı insanlar heç bir problem olmadan bütöv bir adanı icarəyə götürə, bir hoteli bağlaya bilərlər. Xarici KİV-lərin yazdıqlarına görə, kəndin icarəyə götürülməsi getdikcə bu ideyanın məntiqi davamına çevrilir.
Varlı səyyahlara belə bir xidmət Avropada göstərilir. Avstriyada altı kənddən birini, məsələn, Alpbah və ya Brand kəndlərini icarəyə götürmək mümkündür. Almaniyada üç kənd və İsveçrədə Engelberq kəndi müvəqqəti ev sahiblərini gözləyir. Kəndin qiyməti bir gün üçün 60 min dollardır.
Lap bu yaxınlaradək Lixtenşteyn knyazlığının bütün ərazisi (160,4 kvadratkilometr) bir gün üçün 70 min dollara icarəyə verilirdi.
Bu qədər pul müqabilində Avropa kəndlərində korporativlər və tematik gecələr keçirmək, küçə və meydanların adlarını dəyişdirib özünün, doğma və yaxınlarının, həmkarlarının adını vermək, öz valyutanı tətbiq etmək və ya öz firmanın reklamını yerləşdirmək olar.
Bu biznesi Lixtenşteyndən Xnet şirkəti idarə edir. Şirkətin nümayəndələri bildirirlər ki, onların xidmətlərinə bir çox ərəb biznesmenləri, habelə AEG, Hyundai, Siemens və Wyeth Pharma kimi transmilli korporasiyalar maraq göstərirlər.
Məsələn, bu yaxınlarda Alpbah kəndini icarəyə götürən AEG korporasiyası kəndi özünün loqotipləri və rəmzləri, habelə firmanın fəaliyyətinə həsr olunmuş buz fiqurlarla bəzəmişdir.