Avropada karbon qazı tullantılarının peyklə monitorinq sistemi yaradılır
Bakı, 16 noyabr, AZƏRTAC
2021-ci ilkin oktyabr ayı orta temperatur 1991-2020-ci illər üzrə orta temperaturla müqayisədə 0,4 dərəcə yüksək olub. Bu, meteoroloji müşahidələr tarixində ən isti oktyabr ayı olub.
AZƏRTAC EuroNews agentliyinə istinadla xəbər verir ki, Avropa şimal-qərb və cənub-şərq hissələrinə bölünüb: oktyabr ayında Norveçdə orta temperatur qitə üzrə ilin bu fəsli üçün orta temperaturdan 1,9 dərəcə yüksək, Yunanıstandan Xəzər dənizinə qədər olan ərazidə isə orta temperaturdan aşağı olub.
Bu mənada ən qeyri-adi vəziyyət Kanadanın şimalında yaranıb. Orada bəzi yerlərdə temperatur orta göstəricidən 7 dərəcədən yüksək olub. Bu, son illərdə Arktikada havanın sürətlə istiləşməsinin daha bir əlamətidir.
Hazırda iri zavodların, şəhərlərin, hətta ayrı-ayrı ölkələrin atmosferə nə qədər karbon qazı buraxmasını dəqiq ölçmək mümkün deyil. BMT-nin Qlazqoda keçirilmiş iqlim konfransında karbon qazı tullantılarının monitorinqi məsələsində irəliləyiş əldə edilib.
“Kopernik” monitorinq xidmətinin əməkdaşı Vensan-Anri Pyoş deyib: “Biz kəmiyyət modellərini müşahidə məlumatları ilə müqayisə etmək yolu ilə tullantıların həcmini verikasiya etmək imkanı əldə edəcəyik. Bu, atmosferə düşən karbon qazının real həcmi barədə təsəvvürlərimizi dəqiqləşdirməyə kömək edəcək. Avropada tullantılar barədə təsəvvürlərimizin əhəmiyyətli dərəcədə dəyişəcəyini güman etmirəm, lakin dünyanın digər qitələrində ola bilsin həqiqətən bu təsəvvürlər ciddi dəyişəcək.
2026-cı ildən etibarən tətbiq ediləcək CO2MVS adlı Avropa monitorinq sistemi atmosferə kimin nə qədər karbon qazı tulladığını dəqiq müəyyən etmək üçün ərazini 2 kilometr dəqiqliklə videoya çəkəcək. Beləliklə, peyk çəkilişinin nəticələri kompüter modelləri ilə müqayisə olunacaq.