Avropada iqtisadi böhranın əsas səbəbləri: Liderlərin siyasi səhvləri, məsuliyyətsiz qərarlar və uğursuz idarəçilik
Bakı, 3 noyabr AZƏRTAC
Avropa uzun illər dünya iqtisadiyyatının ən güclü mərkəzlərindən biri, sosial rifahın, iqtisadi sabitliyin və demokratik idarəetmənin nümunəsi hesab olunub. Lakin son illərdə qitə ciddi iqtisadi problemlərlə üz-üzə qalıb. Yüksək enerji qiymətləri, inflyasiya, sənaye istehsalının zəifləməsi, artan dövlət borcları, işsizlik təhlükəsi və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi Avropanın iqtisadi modelinin dayanıqlılığına dair ciddi suallar yaradıb.
Bu fikri AZƏRTAC-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev deyib.
Onun sözlərinə görə, bu böhranın səbəblərini yalnız qlobal hadisələrlə, müharibələrlə və beynəlxalq bazarlardakı dəyişikliklərlə izah etmək düzgün olmaz.
“Çünki iqtisadi böhranın dərinləşməsində Avropa siyasi liderlərinin strateji səhvləri, yanlış iqtisadi qərarları və uzunmüddətli planlaşdırma qabiliyyətinin zəifliyi də mühüm rol oynayıb. Avropa iqtisadiyyatında böhrana səbəb olan yalnız xarici amillər deyil, həm də Avropanı idarə edən siyasi elitanın məsuliyyətsiz və bəzən uzaqgörənlikdən məhrum qərarlarıdır. Avropanda iqtisadi durğunluğun əsas səbəblərindən biri enerji təhlükəsizliyi sahəsində buraxılan strateji səhvlərdir. Uzun müddət Avropa ölkələri ucuz və əlçatan enerji resurslarına əsaslanan sənaye modeli qurmuşdular. Lakin enerji təchizatının şaxələndirilməsi və alternativ mənbələrin yaradılması istiqamətində kifayət qədər qabaqlayıcı tədbirlər görülmədi.
Rusiya-Ukrayna müharibəsindən sonra Avropa enerji bazarında ciddi dəyişikliklər baş verdi. Rusiya qazından asılılığın sürətlə azaldılması zərurəti Avropa ölkələrini daha bahalı alternativ enerji mənbələrinə yönəltdi. Burada siyasi rəhbərliyin məsuliyyəti xüsusilə diqqət çəkir. Niyə Avropa illərlə enerji təhlükəsizliyini bir neçə əsas təchizat kanalından asılı vəziyyətdə saxladı? Niyə alternativ infrastruktur vaxtında qurulmadı? Niyə sənayenin rəqabət qabiliyyətinə təsir edəcək risklər əvvəlcədən hesablanmadı? Bu suallar Avropa liderlərinin iqtisadi siyasətində ciddi planlaşdırma problemlərinin olduğunu göstərir”, - deyə E.İsayev vurğulayıb.
Tarix üzrə fəlsəfə doktoru qeyd edib ki, Avropanın iqtisadi gücünün əsas dayaqlarından biri onun sənaye potensialı olub: “Almaniya, Fransa, İtaliya və digər aparıcı ölkələr uzun illər avtomobil, maşınqayırma, kimya və metallurgiya sənayesində dünya liderləri sırasında yer alıblar. Lakin son illərdə Avropa sənayesi həm yüksək enerji xərcləri, həm də ABŞ və Asiya ölkələrinin artan rəqabəti ilə üzləşib. Xüsusilə ABŞ-nin sənaye subsidiyaları və Çinin istehsal gücünün genişlənməsi Avropa şirkətlərinin mövqelərini çətinləşdirib. Avropa rəhbərliyi isə sənayenin qorunması, innovasiyaların sürətləndirilməsi və investisiya mühitinin yaxşılaşdırılması məsələlərində kifayət qədər çevik siyasət həyata keçirə bilməyib. Bürokratik prosedurlar, yüksək istehsal xərcləri, enerji qiymətləri və mürəkkəb tənzimləmə mexanizmləri Avropa şirkətlərinin beynəlxalq bazarlarda rəqabət imkanlarını məhdudlaşdırıb.
Avropanın siyasi liderləri yaşıl iqtisadiyyat və ekoloji keçid hədəflərini irəli sürərkən sənayenin bu keçidə uyğunlaşması üçün lazım olan iqtisadi və texnoloji imkanları da təmin etməli idilər. Ətraf mühitin qorunması vacibdir. Ancaq ekoloji siyasət sənaye müəssisələrinin bağlanmasına, iş yerlərinin itirilməsinə və istehsalın başqa qitələrə köçməsinə səbəb olursa, bu siyasətin iqtisadi nəticələri ciddi şəkildə yenidən qiymətləndirilməlidir. Avropa liderlərinin ən ciddi uğursuzluqlarından biri iqtisadi qərarların sosial nəticələrini lazımi səviyyədə nəzərə almamalarıdır. Bir tərəfdən siyasi dairələr iqtisadi artımdan, yaşıl keçiddən və qlobal rəqabətdən danışır, digər tərəfdən isə sıravi vətəndaşlar gündəlik xərclərini qarşılamaqda çətinlik çəkirlər”.
Elbrus İsayev əlavə edib ki, ölkə iqtisadiyyatı ilə bağlı əsas məqsəd yalnız makroiqtisadi göstəricilərin yaxşılaşdırılması olmalı deyil: “Avropa İttifaqının əsas problemlərindən biri iqtisadi və siyasi qərarların qəbulunda üzv dövlətlərin maraqlarının tez-tez toqquşmasıdır. Almaniya, Fransa, İtaliya, Polşa və digər ölkələrin iqtisadi prioritetləri bir-birindən fərqlənir. Bu fərqlər böhran dövründə vahid və operativ qərarların qəbulunu çətinləşdirir. Avropa liderləri tez-tez birlik və həmrəylikdən danışsalar da, praktikada milli maraqlar ümumavropa strategiyasından üstün tutulur. Nəticədə iqtisadi böhranla mübarizə tədbirləri bəzən gecikir, bəzən də müxtəlif ölkələrdə fərqli nəticələr verir”.