AVROPANIN ƏN QƏDİM XƏRİTƏSİ TAPILMIŞDIR
Saxsı parçası Fransanın Monpölyö Universitetinin mütəxəssisləri tərəfindən iki il əvvəl tapılmışdı, lakin nadir tapıntı barədə məlumat tədqiqatların nəticələri alınanadək açıqlanmırdı. Qədim xəritə burada qeyd olunan şəhərlərdən birinin adı ilə “Soleto xəritəsi” adlandırılmışdır.
Qara mina çəkilmiş saxsı parçasında coğrafi adların əksəriyyəti yoxa çıxmış illiriya dilinin dialektlərindən biri olan messap dilində yazılmışdır. Messap dilində eramızdan əvvəl birinci minillikdə İtaliyanın cənub qurtaracağında – Apuliya vilayətində məskunlaşan tayfalardan biri danışırdı. Messaplar yunan əlifbasını öz yazılarına uyğunlaşdırmışdılar. “Soleto xəritəsi”ndə yunanca yalnız bircə söz – “Taras” (İoni dənizində Taranto körfəzinin adı) yazılmışdır. Salentina yarımadasının sahillərini yuyan İoni və Adriatik dənizləri paralel ziqzaqşəkilli xətlərlə təsvir olunmuşlar.
“Soleto xəritəsi”ndə qeyd edilən 13 şəhərin əksəriyyəti, o cümlədən Soletonun özü, Otranto, Ugento və Levka (hazırda – Santa Mariya di Leuka) şəhərləri indiyədək mövcuddur. Bu saxsı parçası aşkar edilənədək Avropanın ən qədim xəritələri Roma xəritələri ( eramızdan əvvəl birinci əsr) sayılırdı. Tarixçilər qədim yunanların xəritə çəkdiklərindən xəbərdar idilər, lakin bunun əyani təsdiqini tapa bilmirdilər. “Soleto xəritəsi” qitədə xəritəçəkmənin tarixini 400 il əvvələ çəkir. Bundan əlavə, bu xəritə gəlmə yunanlarla Cənubi İtaliyanın yerli əhalisi arasında erkən mədəni mübadilə olduğunu göstərir.